Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın ev sahibliyində imzaladıqları memorandum, Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində mühüm mərhələdir və biz bu təşəbbüsü məmnunluqla qarşılayırıq.
Bakıvaxtı.az xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranın mətbuata açıqlamasında yer alıb.
Departament rəhbəri bildirib ki, Türkiyə–Azərbaycan həmrəyliyinin ən konkret təzahürü olan İkinci Qarabağ müharibəsindən sonra sülh üçün açılan fürsət pəncərəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi regional diplomatiya sayəsində Azərbaycan və Ermənistan arasındakı dialoqu gücləndirib və bu mərhələyə çatmasında mühüm rol oynayıb.
B. Duranın sözlərinə görə, Ermənistan sülhün və diplomatiyanın müharibə və gərginlikdən daha faydalı olduğunu görərək, əks istiqamətdəki təşviqlərə baxmayaraq, sülhyönümlü mövqe sərgilədi.
Açıqlamada qeyd edilib ki, Türkiyə əvvəllər olduğu kimi, bundan sonra da bölgədə davamlı sülh və sabitliyin təmin olunması, prosesin davamlı sülhə çevrilməsi üçün Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində diplomatik təşəbbüslər göstərməyə, konstruktiv addımları dəstəkləməyə və tərəflərlə sıx təmasda olmağa davam edəcək.