Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması səbəbi ilə bu gün Azərbaycanda matəm elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.
Həmçinin saat 12:00-da ölkə ərazisində 1 dəqiqəlik sükut olacaq.
Qeyd edək ki, qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, göyərtədə olan 37 Azərbaycan vətəndaşından 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşından 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb.
Manqustau regional xəstəxanasının Tibb xidmətinin keyfiyyəti departamentinin rəhbəri Janer Baymanova isə qeyd edib ki, saat 12.07-dən başlayaraq aviaqəza nəticəsində xəsarət alan şəxslərin müalicə müəssisəsinə gətirilməsinə başlanıb. Xəstəxanaya gətirilən 27 xəstədən 11 nəfərinin vəziyyəti ağır qiymətləndirilir:
"16 nəfər müxtəlif şöbələrə yerləşdirilib. Onlar neyrocərrahiyyə, cərrahiyyə və travmatologiya şöbələrindədir".
Baymanovanın sözlərinə görə, zərərçəkənlərlə psixoloqlar da işləyir: "Onlardan 14 nəfəri azərbaycanlıdır".
Mina Mikayılova