İyunun 2-də səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub. Saat 9.00-dan sonra qasırğanın gücü 5, saat 12.00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, yüksək coğrafi enliklərdə saat 12.00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03.00-12.00 aralığında 5-6 bal olacağı gözlənilir.
Orta coğrafi enliklərdə iyunun 2-də saat 15.00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.
Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.