• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bu gün Su çərşənbəsidir

CƏMİYYƏT

21 Fevral 2023 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün Su çərşənbəsidir

Bu gün Boz ayın ilk çərşənbəsi – Su çərşənbəsidir. Bu o deməkdir ki, artıq yaz fəsli yaxınlaşır, buzlar əriyir, təbiət oyanır.

Yüz illər keçsə də, Azərbaycan xalqı Novruz bayramının adət-ənənələrini qoruyub, saxlayır.

Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında yaradılış və birlik bayramı – Novruz və Su çərşənbəsi haqqında məlumat verib. Onun sözlərinə görə təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, ölüb-dirilən tanrını özündə rəmzləşdirən Novruz bayramının zəngin və qədim bir mədəniyyətə malik Azərbaycan xalqının mənəvi dəyərlər sistemində özünəməxsus yeri var: "Bahar (Novruz bayramı) türkün təbiətə bağlılığından irəli gələn və ona duyulan sevgidən təşəkkül tapan bir təqvim bayramıdır. Novruz bayramı adından da göründüyü kimi, yenilənmə, yəni hər şeyin yenidən başlanması, təzələnməsi bayramıdır. Yenilənmə təbiət, cəmiyyət və zamanın bütün sahələrini əhatə edir. Baharın gəlişi ilə qışın soyuğundan, əziyyətindən, çiləsindən canını qurtaradığını düşünən insanlar Günəşi böyük sevinclə qarşılayar, qışı, azar-bezarı, çətinlikləri qovmaq üçün müxtəlif ayin və mərasimlər icra edərdilər. Novruz insanların daxilən arınması, mənən və ruhən yenilənməsi ilə yanaşı təbiətlə cəmiyyətin qovuşub bütövlük təşkil ediyi bir bayramdır. Təbiətdəki dəyişiklik etnosun həyatında bir dönüş, yenilənmə dövrü olaraq düşünülmüşdür. Bu bayramda dünyanın əski nizamı dağılır, dünyanın yeni yaradılışı canlandırılır. Köhnə ilin nəfəsi toxunan nə varsa hamısı xaosun dərinliyində yox olur”.

Novruz kompleksinə daxil olan mərasimlər bayram mərasimləridir. Bayram arxaik mifopoetik və dini ənənədə sakral sfera ilə xüsusi əlaqəsi olan, bayramdakı bütün iştirakçıların həmin sferaya maksimum dərəcədə aidliyini nəzərdə tutan və hansısa institutlaşdırılmış hərəkət kimi qeyd olunan zaman kəsimidir. Bayram insanların kollektiv şəkildə icra etdiyi elə bir davranış sistemidir ki, burada hər kəsin edəcəyi mərasimi hərəkətlər əvvəlcədən məlumdur. Bayram təqvimdə nəyinsə, yaxud kiminsə şərəfinə fərqləndirilmiş zaman kəsimidir. Bayramı zaman kəsimi kimi adi zamandan fərqləndirən əsas cəhət onda müqəddəs olanla dünyəvi olanın əlaqəyə girməsidir. Bayram kosmoqonik aktın, yəni kainatın yenidən yaradılışının əbədi təkrarlanmasıdır. Xalq bayramları daha çox mövsümi bayramlar olub, ilin eyni vaxtında keçirilir.

Məhəmməd Məmmədli

Fəlsəfə doktoru qeyd edib ki, Novruz mərasimi xalq təqvimində çərşənbələri əhatə edir: “On iki heyvanlı türk təqviminə görə ilin başlanğıcı baharın ilk günü - Novruzdur. Novruz təkcə Azərbaycan xalqı tərəfindən deyil, həm də geniş coğrafi-etnik məkanda qeyd olunan bayramdır. Bu əski bayram ayrı-ayrı türk xalqlarında “Yengi gün”, “Ergenekon”, “Ulu kün”, “Bozqurt çağan”, Sultan Mevriz”, ”Ulusun ulu günü” və s. adlarla tanınır. Mifopoetik düşüncədə Baharın gəlişi, Yeni ilin qarşılanması mərasimi xaosdan kosmosa keçidi rəmzləşdirir. İlkin xaos özü sulardan ibarət bir aləm olaraq düşünüldüyündən kosmos, kainat da o ilkin sudan yaranmışdır. İlin təhvil olduğu gecə, Yəni Novruz axşamı gecəsi suların bir anlığa dayanması xaosdan kosmosa keçişin bir anının rəmzidir, yəni köhnə ildən qalan nə varsa simvolik olaraq yaddaşlardan silinir. Köhnə ilin axırıncı çərşənbə gecəsində, yəni gecə ilə gündüzün bərabərləşdiyi zamanda təbiətdə nə varsa hamısı təzələnir”.

Bu il yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə daxil olacaq və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

M.Məmmədıi bildirib ki, Novruz təbiət, yaşayıb-yaratmaq, bolluq-bərəkət, əkinçilik bayramıdır: “Hələ 1885-ci ildə Cəlal Əfəndinin “Novaye obozreniye” qəzetinin 515-ci nömrəsində “Novruz bayramının əhəmiyyəti haqqında bir neçə söz” adlı məqaləsində Novruzun Azərbaycanda tarixən xalq bayramı olmasından bəhs edir və bildirirdi ki, azərbaycanlılar Novruzu tarla, məhsuldarlıq bayramı kimi qeyd etmiş, ona təbiətin oyanması, bərabərlik bayramı kimi baxmışlar. Həqiqətən, Novruz təbiət, həyat, bərabərlik bayramıdır. Novruzun xalq arasında bir birlik bayramı olmasını N.Nərimanovun 1913-cü il martın 21-də Həştərxandakı Cümə məscidində Novruz mərasimi ilə bağlı çıxışından görürük. Həmin çıxışında o deyirdi ki, “füqəralara kömək etmək hər kəsin vəzifeyi-insaniyyətindən olduğu üçün biz də millətimizin fəqir və yetim balalarını xatirə gətirib, onları heç olmasa bu günü şad edəlim, görsünlər ki, onları yad edib qeydlərinə qalan həmmillətləri var. “İqbal” qəzetinin 1913-cü il 310-cu nömrəsindən verilmiş məlumatdan aydın olur ki, N.Nərimanovun bu çıxışı qurtaran kimi məscidin nümayəndəsi Molla Zeynalabdin Səfərov camaatdan iaşə toplamağa başlamış və həmin gün kasıbların nəfinə 110 manat pul toplanmışdır”. Deməli, bu fakt Novruzun elimizdə-obamızda əltutma, təmənnasız kömək göstərmə, humanistlik bayramı olduğunu təsdiqləyir”.

Onun sözlərinə görə, xalqın həyatı, məişəti və mənəviyyatı ilə bağlı olan Novruz bayramı ilk növbədə təqvim hadisəsidir, qışın yola salınması, yazın qarşılamnası mərasimidir: “Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramı yüksək səviyyədə keçirilsə də, Sovet hökuməti Novruz bayramını din pərdəsi altında dövlətin qeyd etdiyi rəsmi bayram statusundan çıxarıb, məişət səviyyəsində keçirilın bayrama çevirdi. Novruz bayramı xalqın qan-gen yaddaşı, etnopsixoloji düşüncəsi ilə bağlı olduğundan unudulmadı. Novruz bayramının nəna və mahiyyətində xeyirlə şərin, isti ilə soyuğun mübarizəsi durduğundan Novruz minillər boyunca xalqın yaddaşında günümüzə qədər yaşamaqda davam etmişdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ulu öndərin tarixi sərəncamıyla Novruz bayramı Azərbaycan Respublikasının milli bayramları arasında önəmli yer almışdır. Novruz bayramının etnokulturoloji mahiyyəti haqqında Ulu öndər Heydər Əliyev deyirdi: “ İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc və şadlıq bayramı olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatıb”.

M.Məmmədli qeyd edib ki, Novruz bayramının bütün simvolikası yenidən doğuluşu təcəssüm etdirir. Novruz bayramının hər il təntənə ilə qeyd olunması yalnız ölən təbiətin yenidən dirilməsi deyil, həm də millətin dirçəlişi, yenilənməsi olduğundan bərabərlik, birlik, humanizm bayramıdır. Təbiətdəki bərabərlik kodu cəmiyyətin üzərinə gətirilməklə ona bir sosial anlam verilmişdir. Novruz bayramında gecə ilə gündüzün bərabərliyi sosial bərabərlik, sosial nizam kimi təbiətdən cəmiyyətə daşınmış, sosial tarazlıq bərpa edilmişdir. Bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranması əsas şərtdir. İl ərzində cəmiyyətdə yaranmış bütün disharmoniya Novruz bayramında aradan qaldırılaraq harmoniya ilə əvəzlənir. Novruz bayramının sosial–psixoloji əsasında harmoniya durduğundan hər cür ziddiyyətlər aradan qaldırılır, küsülülər barışır, sosial qruplar arasında konfliktlər həll edilir, cəmiyyətdə sosial tarazlıq yaradılır.

Dərd-bəla, müşkül, çətinlik kimi qəbul edilən qışı - çilləni yola salmaq, yazı-yeni günü qarşılamaq məqsədi ilə keçirilən “Novruz çərşənbələri” adlı rituallarda qədim azərbaycanlıların təbiətə təsir göstərmək, yazı, işığı, günəşi çağırmaq arzusu öz əksini tapıb.  “Oğru çərşənbələr”və “Doğru çərşənbələr” adı ilə iki qismə ayrılan çərşənbələrin sayı yeddidir. Boz ayı çevrələyən əsas çərşənbələr həm də “Doğru üskülər”, “Doğru buğlar”, “Cəmlələr” və s. adlar altında tanınır”.

Folklorşünas qeyd edib ki, “Çərşənbə” sözü fars dilində hərfi mənada “çahar şənbə” demək olub, sözün qısadılmış şəklidir, yəni “dörd şənbə” deməkdir: “El arasında şənbə ağır gün hesab olunduğundan həmin gün yuyunmaz, yeni bir işə başlamazlar. Mənasına gəldikdə bu, bir tərəfdən şənbənin ağır, çilləli günün dördqat ağır mənasını verirsə, ikinci bir tərəfdən şənbədən sonrakı günlərin sıra ardıcıllığına işarə kimi izah edilir. Ağırlığı ifadə edən şənbə günü və bu şənbədən sonra gələn dörd ağır günün ağrısı, acısı, çiləsi çərşənbə günündə insanların canından çıxır, həmin gündə insanlar bədxah qüvvələrə meydan oxumaqla, müxtəlif ayin, mərasimlər icra etməklə, əyləncəli oyunlar oynamaqla ağırlıqdan azad olur, yüngülləşir, təmizliyə, saflığa çıxır və Novruza təmizlənmiş, saflaşmış şəkildə qovuşurlar. Çərşənbə gecələrində insanlar yatmamaqla qaranlığın-gecənin yuxugətirici xassəsinə qalib gəlməklə. həmçinin günəşin simvolu olan odu, tonqalı, şamı yandırmaqla qışın soyuğuna, gecənin qaranlığına meydan oxumuşlar. Deməli, Novruz ağırlıqdan, çətinliklərdən, xəstəliklərdən xilas olma, yenilənmə, yüngülləşmə bayramıdır”.

Müsahibimiz çərşənbələrlə bağlı mübahisəlii məsələlərdən də danışıb: “Çərşənbələrlə bağlı mübahisə doğuran məsələ onun 4 ünsürlə əlaqələndirilməsidir. Şərq ənənəvi fəlsəfi düşüncəsində dünyanın və insanın yaradılışında “ab-atəş-xak-bad” adlı 4 ünsür ənənəsi vardır. Böyük mütəfəkkir Həsən bəy Zərdabi “Həyat” qəzetinin 1905-ci il 24 iyul tarixli 35-ci nömrəsində “Quyruq doğdu, çillə çıxdı” məqaləsində çillələrə və Novruza münasibət bildirir. Müəllif həmin məqaləsində yazır ki, “çillələrlə Novruzun arası bir aydır. Bu bir ay dörd həftəyə təqsim ediblər. Hər bir həftənin çaharçənbəsini bayram eləyirlər ki, onlara ab, atəş, xak və bad deyirlər”. Müəllif qeyd edir ki, “əvvəlinci çaharşənbə günü su xasiyyətini dəyişdirir, ikincisində od, üçüncüsündə torpaq, sonra dördüncüsündə külək başlayıb ağacların düyünlərini açır ki, onlardan yarpaqlar çıxır, bahar başlayır”.

Novruzu “Yengə gün” adlandıran Əhməd Cavad bayram ilə bağlı silsilə etnoqrafik şeirlərində çərçənbələri “hava, su, torpaq, od” kimi sıralayır. Ə.Paşabəyli hələ 1928-ci ildəki araşdırmasında dörd çərşənbənin hava, su, torpaq, ağacla bağlı olduğunu qeyd edir. Bir çıx tədqiqatçılar, o cümlədən M.Təhmasib, Ə.Cəfərzadə, K.V.Nərimanoğlu və başqaları dörd ünsürün dörd çərşənbə ilə bağlılığını təsdiq ediblər. 

A.Nəbiyevin fikrincə, I çərşənbə - Su çərşənbəsi, II çərşənbə - Od çərşənbəsi, III çərşənbə -Yel çərşənbəsi, IV çərşənbə - Torpaq çərşənbəsidir.

M.Qasımlının fikrincə, I çərşənbədə - sular, II çərşənbədə - torpaq, III çərşənbədə - ağaclar, IV çərşənbədə isə heyvanların, quşların, insanların qanı oynayır. Bir sıra tədqiqatçılar, o cümlədən Bəhlul Abdulla, Güllü Yoloğlu və başqaları 4 çərşənbənin 4 ünsürlə əlaqəsini mifoloji fikir tarixinə uyğun olmadığını göstərirlər. Fikrimizcə, çərşənbələrin xalq arasında müxtəlif adlarla adlanması onların folklor hadisəsi olmasından irəli gəlir. Müxtəlif folklor mühitlərinin bir-birindən variantlılığına görə fərqləndiyini nəzərə alsaq, çərşənbələrin bir neçə variantının olması təbiidir.

“Dörd ilaxır çərşənbənin birincisi Azərbaycanın müxtəlif bölgələrində “Əzəl çərşənbə”, “Su çərşənbəsi”, “Müjdəçi çərşənbə”, “Sular Novruzu” “Kiçik çərşənbə”, “Toz çərşənbəsi” və s. adlarla tanınır. Çərşənbələrə ad verilməsi onun məzmunu ilə sıx bağlıdır. Yazın yaxınlaşmasını xəbər verən ilk çərşənbədə - Toz çərşənbəsində ev-eşik təmizlənir, pal-paltarın, xalça-palazın tozu çırpılır. Hətta evdəki köhnə taxta qab-qacaq da Toz çərşənbəsinin axşam tonqalında yandırılıb əvəzinə təzəsi alınır. Bu çərşənbədə aparılan təmizlik, əslində yenilənmə, təzələnmə xarakteri daşıyır. Novruz bayramı yalnız ilin təzələnməsi deyil, O, həmçinin köhnə ili yaşamış hər kəsin və hər şeyin təzələnməsidir. İnsanlar yalnız yaşadıqları məkanı deyil, həm də ruhlarını hər cür bədxahlıqlardan təmizləyib, yeni ilə yenilənmiş, ruhən və mənən yenidən doğulmuş halda keçirlər. Əgər sınıq, yararsız hər hansı bir əşya evdə qalardısa, bu yeni ildə uğursuzluğa səbəb olardı. Cənubi Azərbaycanın bir çox yerlərində, xüsusilə Ərdəbil bölgəsində 4 Novruz çərşənbəsindən birincisi Toz çərşənbəsi adlanır”.

M.Məmmədli vurğulayıb ki, Su çərşənbəsi axşamından etibarən suların buzu əriyir, sular get-gedə isinir, gecələr artıq donmur: “Su çərşənbəsi adı ilə daha çox tanınan bu çərşənbəni azərbaycanlılar böyük təm-təraqla qarşılayırlar. Səhər tezdən axar suyun üstünə gedər, çillə kəsdirər, niyyət edib suyun üstündən tullanar və bu sözləri deyərdilər : “Ağırlığımı su götürsün” və ya “azarım-bezarım suya”. Bu çərşənbədə hamı bulaqda, axar çayda əl-üzünü yuyar, bir-birinin üstünə su çiləyərdilər. Təzə sudan gətirib evə, həyət-bacaya səpərdilər. Deyirlər belədə il ruzili olar, bərəkət artar. Qucaqda körpələri, xəstələri, hətta qocaları belə axar su üstündən hoppandırarlar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun. Əski etiqadlara görə, Su çərşənbəsi günü bir anlıq “təzə suya” qovuşanlar, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olar, günahlarını su yuyub aparar. Adamlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and işib belə deyərdilər: “Su haqqı, pis əməl sahibi olmayacağam.” Yalanın su ilə təmizlənməsi su kultu ilə bağlıdır, yəni su təmizləyici gücə malikdir. Bu çərşənbədən başlayaraq şam yandırmaq, əlvan yumurta boyamaq, axşam tonqal qalamaq başlanırdı. Su çərşənbəsi süfrəsinə narqovurma və ya turşuqovurma aşı, bəzi bölgələrdə isə südlü plov qoyulardı”.

Bu çərşənbədə qız-gəlin bulaqbaşı və ya su dəyirmanı yanında çillə kəsdirirdilər. Su çərşənbəsində ərgən qızlar bəxtlərini sınamaq üçün “Tas falı”// “Kuzə falı” icra edərdilər. Bəzi yerlərdə sonsuz gəlinlər axar sular sahilinə yanaşaraq suya bir daş atıb “ uşaqsızlığın daşını atdım” deyirdilər.

Həmçinin, qeyd edib ki, insanların təmizləndiyi, paklandığı su əzəl çərşənbə suyu və ya ilkin yaradıcı su olduğundan möcüzəlidir, xeyir-bərəkət bəxş edir: “İnsanların bir-birinin üstünə su atması təmizlənmə, paklanma ayininin tərkib hissəsi kimi göstərilir. Ağbaba bölgəsində ilin təhvil olunduğu gecə “sulaşma” ayini keçirilərdi, yəni yatanların üzərinə su çilənərdi ki, bu da qaramatın, yəni tənbəlliyin aradan qalxması, insanların ayıq olması arzusu ulə bağlı idi. Su aydınlığı rəmziləşdirdiyindən ilin axır çərşənbəsində hamı bir-birinin üstünə su çiləyərdi ki, təzə il onlar üçün uğurlu olsun”.

Axır çərşənbə suyunun insanlara şəfa verməsinə inanılırdı. Naxçıvan bölgəsindən toplanmış inanc mətnində həmin suya Qurani-kərimdən ayə oxuyar, sonra xəstəyə içirdərdilər. O zaman xəstə sağalar. Axır şərşənbə gecəsi il təhvil olandan, yəni təzə il girəndən sonra axan təzə müqəddəs hesab edildiyindən dərdlərə şəfa verir.

Onun sözlərinə görə, ulularımız arzu və niyyətlərini, dərdlərini suya söyləyib, su ilə fala baxıblar: “Uzaq səfərə çıxanın arxasınca su atırlar ki, yolu uğurlu olsun. Babalarımız su ilə əlaqədar müdrük sözlər yaradıblar: “Su axdığı yerdən bir də axar”, “Su gəldiyi arxa bir də gələr”, “Su hər şey təmizlər, üz qarasın təmizləməz”, “Su murdarlıq götürməz”, “Su olan yerdə dirilik olar” və s. Suyun müqəddəsliyinə, qüdrətinə inanan azərbaycanlılar “Sularınız axarlı-baxarlı olsun!”, “Suyun kəsilməsin!” alqışlarını, and içərkən “Su haqqı”, dua edərkən “Sucan ömrün olsun!”, – deyirlər”.

“Əminik ki, qədəm qoyduğumuz bu Su çərşənbəsində axar su fevralın 6-da baş vermiş zəhzələ nəticəsində Türk xalqının başına gələn fəlakətin ağırlığını götürəcək, azar-bezarını yuyub aparacaq, hüznlü ürəklərə bir təskinlik suyu səpib ovudacaq, xeyir-bərəkət, ruzi gətirəcək”.

Su çərşənbəniz mübarək!

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026