Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə cədidçilik hərəkatının bütün türk xalqlarının ortaq milli oyanış hərəkatı olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Mirziyoyev qeyd edib ki, bu hərəkatın sıralarında Mahmudxoja Behbudi, Abdurauf Fitrət, Munəvvərqori Abdurəşidxanov, İshaqxon İbrət, Əbdülhəmid Çolpan və Abdullah Sadiqi kimi fədakar ziyalılar yer alıblar.
Prezident vurğulayıb ki, onlar türk xalqları arasında elm, maarif, təhsil, tərbiyə və mədəni inkişafın sürətlənməsində mühüm rol oynayıblar. Onun sözlərinə görə, həmin ziyalılar çətin şəraitdə məktəblər, qəzetlər, kitabxanalar, muzeylər və digər mədəniyyət ocaqları yaradıblar.
Şavkat Mirziyoyev əlavə edib ki, cədidçilər dövlət quruculuğu, hüquq sahəsində islahatlar, eləcə də siyasi və ictimai fəaliyyətləri ilə bütün türk dünyasına yeni dövrün ruhunu gətiriblər. O, təəssüflə qeyd edib ki, sonradan müstəbid siyasət bu qəhrəman ziyalıların taleyinə ağır zərbə vurub.
Əli Hüseynov
Bakı 



