• Bakı 27° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Xarici dil öyrənək, amma ana dilimizi unutmayaq... - Deputat

SİYASƏT

28 Iyul 2026 | 15:46

Xarici dil öyrənək, amma ana dilimizi unutmayaq... - Deputat

“Azərbaycan dili milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əsas sütunudur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirib. Onun sözlərinə görə, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi, müstəqillik illərində isə bu istiqamətdə qəbul olunan qanunlar və fərmanlar ana dilimizin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edib.

“Ulu Öndər ana dilini xalqın milli varlığının əsas rəmzi kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə həyata keçirilən dil siyasəti bu gün də dövlətimizin əsas prioritetlərindən biridir”, – deyə deputat vurğulayıb.

Vüqar Rəhimzadənin sözlərinə görə, Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində ardıcıl addımlar atır. O qeyd edib ki, dövlət başçısının təsdiq etdiyi Dövlət Proqramı, Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, dövlət dilinin saflığının qorunması və dil normalarına əməl olunması ilə bağlı imzaladığı sənədlər bu siyasətin uğurla davam etdirildiyini göstərir.

Deputat hesab edir ki, qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması xüsusi əhəmiyyət kəsb edir:

“Xarici dilləri öyrənmək vacibdir. Ancaq hər bir azərbaycanlı ilk növbədə öz ana dilini mükəmməl bilməli, ona hörmətlə yanaşmalı və gələcək nəsillərə olduğu kimi çatdırmalıdır. Dilimizi qorumaq təkcə dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir”.

Deputat əlavə edib ki, ana dili bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli-mənəvi dəyərlər ətrafında birləşdirən ən mühüm amillərdən biridir. Onun fikrincə, Azərbaycan dilinin inkişafı, zənginləşdirilməsi və gündəlik həyatda düzgün istifadəsi milli həmrəyliyin və dövlətçiliyin daha da möhkəmlənməsinə xidmət edir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026