• Bakı 24° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Bu şəxslər ucuz qiymətə ev ala biləcəklər – Yeni sistem

CƏMİYYƏT

13 Iyun 2026 | 19:06

Bu şəxslər ucuz qiymətə ev ala biləcəklər – Yeni sistem

Azərbaycanda minlərlə insanın ən böyük arzularından biri ev sahibi olmaqdır. Lakin aşağı əməkhaqqı, mənzillərin yüksək qiyməti və ipoteka kreditlərinin ağır şərtləri bu arzunu reallaşdırmağı çətinləşdirir. Xüsusilə 600-800 manat maaş alan vətəndaşlar üçün həm ilkin ödənişi toplamaq, həm də aylıq kredit ödənişlərini qarşılamaq ciddi problemə çevrilib.

Bəs Azərbaycanda mənzil kreditlərinin faizləri niyə yüksəkdir? Vətəndaşların daha əlçatan şərtlərlə ev sahibi olması üçün hansı addımlar atılmalıdır?

Bakıvaxtı.az-ın xəbərinə görə, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli vurğulayıb ki, bu gün həm özəl sektor tərəfindən, həm də banklar vasitəsilə vətəndaşlara ipoteka imkanları təqdim olunur:

“Lakin kommersiya ipoteka kreditlərinin faiz dərəcələri kifayət qədər yüksək olduğundan, aztəminatlı və aşağıgəlirli vətəndaşlar üçün bu ödənişləri həyata keçirmək bəzən çətin olur. Bununla yanaşı, ölkəmizdə dövlət tərəfindən də müxtəlif ipoteka və mənzil proqramları həyata keçirilir. İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə güzəştli ipoteka kreditləri təqdim olunur, həmçinin sosial mənzil layihələri çərçivəsində vətəndaşların mənzil əldə etməsi üçün imkanlar yaradılır. Dövlət qulluqçuları və müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştli ipoteka kreditləri 4 faizlə, kommersiya ipotekaları isə daha aşağı şərtlərlə təklif edilir”.

İqtisadçının sözlərinə görə, kirayə mənzil mexanizmi də mövcuddur ki, bu sistem vasitəsilə vətəndaşlar mərhələli şəkildə mənzil sahibi ola bilirlər:

“Hesab edirəm ki, hətta orta və aşağı gəlirli vətəndaşlar üçün də bu proqramlar müəyyən imkanlar yaradır. Lakin tələb yüksək olduğundan, bəzi hallarda həmin proqramlardan yararlanmaq çətinləşir və əlçatanlıq problemi yaranır.


Məncə, əsas problemlərdən biri odur ki, bəzi hallarda sosial və güzəştli ipoteka imkanlarından həqiqətən ehtiyacı olan vətəndaşlardan daha çox maddi imkanı yüksək olan şəxslər istifadə edə bilirlər. Buna görə də sosial ipoteka proqramlarında prioritet ilk dəfə mənzil əldə edən vətəndaşlara verilməlidir. Bu, proqramların sosial məqsədinə daha çox xidmət edər və əlçatanlığı artırar”.

E.Kərimli deyib ki, sosial və güzəştli mənzil layihələrinin həcmi genişləndirilməli, yeni yaşayış komplekslərinin tikintisi təşviq olunmalıdır:

“Bu halda gənclərin, aztəminatlı ailələrin və aşağı maaş alan vətəndaşların mənzil sahibi olmaq imkanları daha da artar. Bu istiqamətdə artıq müəyyən işlər görülür. Hesab edirəm ki, proqramların əhatə dairəsi daha da genişləndirilsə, ipoteka vasitəsilə mənzil əldə etmək istəyən vətəndaşların sayı artar və onların bu imkanlardan yararlanması daha asan olar. Eyni zamanda, bu imkanların regionlarda da geniş şəkildə əlçatan olması təmin edilməlidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026