Azərbaycanın əsas ali hərbi təhsil müəssisələrindən biri olan Heydər Əliyev adına Hərbi İnstitut 2027-ci ildə məzun buraxılışı həyata keçirməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, buna səbəb institutda təhsil müddətinin artırılması ilə bağlı tətbiq edilən yeni təhsil modelidir.
Belə ki, əvvəlki sistemdə kursantlar 4 illik təhsil proqramını başa vuraraq leytenant hərbi rütbəsi ilə məzun olurdularsa, yeni qaydalara əsasən təhsil müddəti ümumilikdə 5 ilə çatdırılıb.
Yeni modelə görə, kursantlar ilk olaraq bir il müddətində hazırlıq kursunda təhsil alırlar. Hazırlıq mərhələsini uğurla başa vuran kursantlar daha sonra 4 illik əsas tədris proqramına cəlb edilirlər. Bununla da hərbi təhsil müddəti ümumilikdə 5 il təşkil edir.
Təhsil müddətinin artırılması nəticəsində məzun buraxılışı qrafikində keçid dövrü yaranıb. Məhz bu səbəbdən gələn il Heydər Əliyev adına Hərbi İnstitutun məzun buraxılışı nəzərdə tutulmur. Hazırda institutda təhsil alan kursantlar yeni sistem üzrə hazırlıqlarını davam etdirirlər.
Qeyd edək ki, təhsil müddətinin uzadılması gələcək zabitlərin nəzəri biliklərinin, praktiki hazırlığının və müasir hərbi texnologiyalar üzrə bacarıqlarının daha da artırılmasına imkan verəcək. Yeni modelin tətbiqi Azərbaycan Ordusunun peşəkar kadr potensialının gücləndirilməsinə xidmət edən islahatların tərkib hissəsidir.
Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Azərbaycan Ordusunun zabit heyətinin hazırlanmasında əsas rol oynayan ali hərbi təhsil müəssisəsidir və burada müxtəlif qoşun növləri üzrə ixtisaslı hərbi kadrlar hazırlanır.
Murad İsmayıl
Bakı 



