Məlumdur ki, bu il ali məktəbə qəbul olmaq üçün imtahan verənlərin sayı keçən ilə nisbətən daha azdır. Ancaq buna baxmaraq, demək olar, bütün ixtisaslar üzrə ballar qalxıb. Nəticədə, bir çox tələbə ali məktəbə qəbul ola bilməyəcək. Bəs bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a danışıb:
Əslində, balların aşağı salınması normal hal deyil. O deməkdir ki, tələbələr üçün ayrılmış yerlərin müəyyən bir qismi boşdur. Amma bu ilki nəticədə isə keçən ilə nisbətən az abituriyent sənəd verib. Keçən il universitetə qəbul olmaq üçün sənəd verənlərin sayı 85 min civarında idisə, bu il 54 min civarındadır. Balların qaldırılması o deməkdir ki, “dərb” sayıalan müəyyən ixtisaslar var ki, abituriyentlərin çoxu həmin sahələrə sənəd verib. Ən pisi isə budur ki, ali məktəblərdə təklif olunan ixtisasların əksəriyyəti üçün əmək bazarında iş yoxdur. Təbii ki, hansı sahələr üzrə iş tapmaq mümkündürsə o sahəyə daha çox axın var. İxtisasların böyük bir hissəsində tələbələr üçün ayrılmış yerlər dolmayıb, amma həmin ixtisaslara qəbul olmaq üçün yüksək bal tələb olunur. Ona görə də, məsələnin həlli Dövlət İmtahan Mərkəzinin qruplar üzrə yox, ixtisaslar üzrə imtahan keçirməsi ola bilər. Yəni kim hansı ixtisas üzrə ali təhsil almaq istəyirsə yalnız həmin ixtisasa sənəd verə bilsin. Məsələnin həll yolu budur. Nə qədər ki, qruplar üzrə imtahanların keçirilməsi formatı qalacaq, belə çətinliklər olacaq. Ən böyük problem isə Azərbaycan gəncinin özünün arzuladığı ixtisas üzrə təhsil ala bilməməsidir, çünki qruplar üzrə keçirilən imtahanlarda fərqli ixtisaslar eyni qrupdadır. Bu da ona gətirib çıxarır ki, şəxs tamamilə fərqli istiqamətlər üzrə ixtisas seçə bilir. Bu belə olmalı deyil, dünyanın heç bir ölkəsində belə bir şey yoxdur.
Aytac Aslan
Bakı 




