• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Görünməyən təhlükə: Aqressiya, panik ataklar niyə artır?

CƏMİYYƏT

09 Yanvar 2026 | 10:47

Görünməyən təhlükə: Aqressiya, panik ataklar niyə artır?

Son illər cəmiyyətdə emosional gərginlik, aqressiya, təşviş və panik atak kimi psixoloji problemlərin nəzərəçarpacaq dərəcədə artması sosial və psixoloji amillərin təsirinin gücləndiyini göstərir.

Ailə münasibətlərinin zəifləməsi, iş mühitində sağlam rəqabətin azalması, valideyn-uşaq əlaqələrinin zəifləməsi və həyat ritminin sürətlənməsi bu problemlərin əsas mənbələri kimi önə çıxır.

Bütün bunlar psixoloji dəstək sisteminin gücləndirilməsini, məktəblərdən iş yerlərinədək hər bir mühitdə peşəkar psixoloqlara olan ehtiyacın artdığını bir daha gündəmə gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova deyib ki, ümumiyyətlə, son vaxtlar insanlar arasında aqressiya, həyəcan, təşviş, obsesiv-kompulsiv pozuntular və panik atakların sayında artım müşahidə olunur:

"Bunun səbəbləri həm sosial, həm də psixoloji amillərlə bağlıdır. İnsanların bir-biri ilə rəftarındakı dəyişikliklər, ailə dəyərlərinin və dostluq münasibətlərinin zəifləməsi də bu prosesə təsir edir".

Onun sözlərinə görə, təəssüf ki, iş mühitində sağlam rəqabətin azalması da son dövrlərdə diqqət çəkən məqamlardandır. Bu sahədə həm dövlət, həm də özəl sektor paralel şəkildə fəaliyyət göstərməlidir. Özəl sektor nə qədər aktiv işləsə də, dövlət qurumlarında da bu istiqamətdə zəruri addımlar atılmalıdır:

"Mən hər zaman vurğuladığım bir məsələ var, məktəbəqədər müəssisələrdən tutmuş ümumtəhsil məktəblərinə qədər psixoloq sayının artırılması vacibdir. Hazırda şagird sayına nisbətən psixoloqların azlığı ciddi çatışmazlıq yaradır. Əslində baş verən problemlərin böyük qismi məktəb mühitində formalaşır. Ailələrdə də müəyyən çətinliklər olur, valideyn etinasızlığı da mövcuddur, lakin uşağın ən çox vaxt keçirdiyi mühit məktəbdir və əsas diqqət burada olmalıdır".

Vüsalə Əmiraslanova: Şagird sayına nisbətən psixoloqların azlığı ciddi çatışmazlıq yaradır

Həmsöhbətimiz qeyd edib ki, son illərdə hər iki valideynin işləməsi uşaqla bağlı nəzarəti zəiflədir. Üstəlik, texnologiyanın sürətli inkişafı valideynlə uşaq arasında əlavə bir məsafə yaradıb. Bu, münasibətlərdə böyük bir uçuruma səbəb olur:

"Düşünürəm ki, psixoloji xidmət daimi olmalıdır. Yalnız problemi olanlara yox, problemi olmayan insanların da psixoloji təlimlərdə, seminar və dəstək proqramlarında iştirakı təmin edilməlidir. Bu, yaşayış binalarında, məktəblərdə, dövlət qurumlarında və iş yerlərində tətbiq oluna bilər".

Müsahibimiz özəl sektorda da hər bir müəssisədə psixoloqun olmasını vacib sayır. Çünki bəzən sadəcə bir anlıq uzadılan bir yardım əli insanı intihar və ya yanlış addımlardan xilas edə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 Yanvar 2026