AİB 2030-cu ilə qədər bütün Cənubi Qafqaz və Mərkəzi Asiyada regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır.
Bakıvaxtı. az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda Səmərqənddə AİB-in Rəhbərlər Şurasının 59-cu illik toplantısına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bağlılıq builki illik toplantının üç əsas mövzusundan biridir və Cənubi Qafqaz Mərkəzi Asiya ilə birlikdə gələcək regional əməkdaşlıq üçün böyük potensiala malikdir. Mən qətiyyətlə inanıram ki, regional inteqrasiya bu regionlar üçün böyümə mühərrikidir, o, xüsusən də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vasitəsilə hazırda yaşadığımız xarici şoklara qarşı kollektiv dayanıqlılıq yaradacaq", - bankın prezidenti bildirib.
M. Kanda vurğulayıb ki, CAREC çərçivəsində AİB artıq iyirmi ildən çoxdur ki, bazarların birləşdirilməsinə və transsərhəd ticarətin gücləndirilməsinə dəstək göstərir.
"AİB 2030-cu ilə qədər bütün regionda regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır. Rəqəmsal dəhliz vasitəsilə biz insanları, biznesi və bazarları sərhədləri aşaraq birləşdirəcək yerüstü fiber-optik şəbəkəni dəstəkləyəcəyik. Bu, sözsüz ki, başlanmasını indicə elan etdiyim Asiya-Sakit Okean rəqəmsal magistralının bir hissəsi olacaq", - o əlavə edib.\Report.az
Bakı 




