“Sülh yolunun kəsişməsi və kommunikasiya xətlərinin açılması Ermənistan ərazisindən Ermənistan ərazisinə Azərbaycan vasitəsilə, eləcə də Azərbaycan ərazisindən Azərbaycan ərazisinə Ermənistan vasitəsilə keçid məsələsi heç də yeni fikir deyil”.
Bunu politoloq Taleh Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bölgədə nəqliyyat infrastrukturunun açılmasına, o cümlədən Ermənistan ərazisindən Ermənistan ərazisinə Azərbaycan vasitəsilə, eləcə də Azərbaycan ərazisindən Azərbaycan ərazisinə Ermənistan vasitəsilə keçidə razılıq verilməsi barədə dediklərini Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın təqdim etdiyi təklifdir:
"Həmin təklifdə bildirilib ki, Azərbaycan birtərəfli qaydada kommunikasiya xəttlərinin açılmasını istəmir. Söhbət Azərbaycan ərazisindən Ermənistana və Ermənistan ərazisindən Azərbaycana kommunikasiya xətlərinin sərbəst istifadə verilməsinə icazəsindən gedir. O cümlədən, bu məsələyə hər iki ölkə ərazisindən keçməklə, Orta Dəhliz marşrutunu Zəngəzur istiqamətində aktiv fəaliyyətə başlaması daxildir. Bu baxımdan Paşinyanı dediklərinə görə ittiham etməkdənsə, Paşinyanın Azərbaycanın təkliflərini erməni cəmiyyətinə fərqli formada çatdırılmasına məqbul variant kimi baxmalıyıq. Çünki son nəticədə bizi dəhlizin açılması, vətəndaşlarımızın, xüsusən də Naxçıvan bölgəsində olan Azərbaycan vətəndaşlarının Naxçıvana və əks istiqamətdə sərbəst hərəkətinin təmin olunması maraqlandırır. Ermənistan tərəfindən bu addımın necə adlandırılması bizi narahat etməməlidir".
Taleh Əliyev: Son nəticədə bizi dəhlizin açılması maraqlandırır
T.Əliyev hesab edir ki, Paşinyanın təklif etdiyi yeni variant Azərbaycanın Ermənistanla birbaşa başladılan sülh danışıqlarında ermənicə xarakterlidir. Bu, başadüşüləndir.
"44 günlük Vətən Müharibəsində Ermənistanın və o cümlədən Paşinyanın məğlub olmasına baxmayaraq, bu gün Paşinyan xüsusən də Ermənistan cəmiyyətinə sülh danışıqlarında öz ölkəsinin milli maraqlarını sona qədər müdafiə etdiyi mesajını vermək istəyir. Azərbaycan tərəfinin təklif etdiyi ideyaları da olduğu kimi qəbul etmək və erməni cəmiyyətinə çatdırmaq Ermənistandakı Paşinyan əleyhdarlarının əlinə yeni təbliğat tezisləri verə bilər. Söhbət kilsədən, parlament müxalifətindən, V Kolonu təmsil edən mediadan və ictimai fəallardan gedir. Ona görə də Paşinyan Azərbaycan tərəfi ilə razılaşdırdığı variantları erməni tərəfinin yeni təşəbbüsü kimi təqdim etməyə məcburdur" - politoloq əlavə edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bölgədə nəqliyyat infrastrukturunun açılmasına, o cümlədən Ermənistan ərazisindən Ermənistan ərazisinə Azərbaycan vasitəsilə, eləcə də Azərbaycan ərazisindən Azərbaycan ərazisinə Ermənistan vasitəsilə keçidə razılıq verib. Bundan əlavə, Paşinyan Ermənistan ərazisindən üçüncü ölkələrə Azərbaycan vasitəsilə, həmçinin Azərbaycan ərazisindən üçüncü ölkələrə Ermənistan vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrinin açılmasına da maraq göstərib. Paşinyan kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələrdə mövqeyinin dəyişməyəcəyini də açıqlayıb.
Gülşən Şərif