Xəbər verdiyimiz kimi, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinin açılmasından danışıb. O bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
“Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”, - deyə Vilayəti bildirib.
Əli Əkbər Vilayətinin bəyanatını şərh edən politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a bildirib ki, İran bunun əleyhinə çıxa bilər, amma edəcəyi bir iş yoxdur:
“Ermənistan da, Amerika da suveren dövlətdir. Onlar razılığa gəliblər. Hansısa bir niyyətlərini həyata keçiriblər. Onların layihəsi İran sərhədi boyunca uzansa da, Ermənistan ərazisindən keçir, İran ərazisindən keçmir və bunun İrana dəxli yoxdur”.
Zərdüşt Əlizadə, politoloq
Müsahibimiz qeyd edib ki, İran mənfi münasibətini bildirə bilər. Öz ərazisində hərbi təlim keçirə bilər, amma Ermənistana müdaxilə etmək istəsə, Amerika ilə qarşılaşacaq:
“Çünki ABŞ Ermənistanın dəstəkçisi kimi çıxış edəcək. İran özü Arazın sağ sahili boyunca, Araz dəhlizini aça bilər. Azərbaycanın dəmir yolu Mincivana qədər gəlir. Oradan Naxçıvana qədər 67 km dəmir yolu İrandan keçir. Araz dəhlizi işləməyə başlasa, Zəngəzur dəhlizinin əhəmiyyəti azala bilər. İran bunu edə bilər. Başqa heç nə edə bilməz”.
Aydın Baxış