Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə, Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, habelə ətraf mühitin qorunması istiqamətində əməkdaşlıq imkanları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol diqqətə çatdırılıb. Ölkəmizin COP29 sədrliyi çərçivəsində xüsusilə maliyyə hədəflərinin artırılması daxil olmaqla, iqlim dəyişmələri ilə mübarizə sahəsində dönüş yarada biləcək tarixi razılıqların, eləcə də “yaşıl enerji” sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Nazir qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb. Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarının sülh prosesinə maneə təşkil etdiyi qeyd olunub.
Avropa İttifaqının Ermənistandakı Missiyasının fəaliyyətinə toxunan nazir Ceyhun Bayramov, sözügedən Missiyanın bəyan olunmuş məqsədlərinə zidd olaraq ölkəmiz əleyhinə təbliğat kampaniyasının alətinə çevrilməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Görüşdə tərəflər həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.
19:48
Maltada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Tərəflər Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoq, qarşılıqlı münasibətlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ətrafında fikir mübadiləsi aparıblar.