• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Azərbaycan və Somali XİN başçıları geniştərkibli görüş keçiriblər - YENİLƏNİB

SİYASƏT

24 Iyul 2025 | 14:05

Azərbaycan və Somali XİN başçıları geniştərkibli görüş keçiriblər - YENİLƏNİB

24 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

    Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

    Son bir neçə il ərzində ölkələrimiz arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq doğurduğu qeyd edilib.

    Nazir Ceyhun Bayramov Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi, humanitar və digər sahələrdə daha da dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasının vacibliyini vurğulayıb.

    Kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib. Somali nümayəndə heyətinin ADEX sərgisində iştirakı xatırlanıb, müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri olduğu qeyd edilib.

    Həmçinin, bu ilin fevral ayında Azərbaycan hökumət missiyasının Somaliyə səfəri və bu çərçivədə Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsinin iki ölkə arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə və yeni təşəbbüslərin formalaşdırılmasına zəmin yaratdığı qeyd olunub.

    Görüşdə, Azərbaycan və Somali arasında ikitərəfli çərçivədəki münasibətlərlə yanaşı, çoxtərəfli beynəlxalq və regional platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanıb. Bu çərçivədə, Somalinin 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib və gələcəkdə də qarşılıqlı dəstəyə əsaslanan münasibətlərin davam etdiriləcəyinə əminlik ifadə olunub. Ölkəmizin 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi və təşkilata sədrliyi dönəmində ölkələrimiz arasında geniş əməkdaşlıq perspektivlərinin olduğu qeyd edilib.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

    Görüşün yekununda nazirlər birgə mətbuat konfransında çıxış ediblər.

    ***

    12:32

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali arasında geniş tərkibli görüş baş tutub.

    Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Somali arasında ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

      Nazirlər həmçinin BMT, Qoşulmama Hərəkatı (NAM) və İslam Əməkdaşlıq Təşkilatı (OİC) çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıblar.

      ***

      11:51

      Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.

      Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.

      Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir.

       


      SON XƏBƏRLƏR