"Təkcə Ermənistan ərazisində 400-ə yaxın məscid, 500 qəbiristanlıq dağıdılıb. Eyni zamanda, Qarabağda 67 məscid məhv edilib. Hətta yeganə pravoslav kilsəsi belə artıq yoxdur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bizi Qarabağda yaşayan ermənilərin hüquqlarını pozmaqda ittiham edənlər 30 il ərzində məscidlərimizin dağıdılmasına, içərisində donuz və inək saxlanılmasına hər zaman göz yumublar. Bu gün də eyni siyasət davam edir. Onlar erməni diaspor və lobbi təşkilatlarından maliyyə vəsaitləri alaraq ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirirlər:
"Reallıq isə tamam fərqlidir. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada məscidi də, kilsəni də, sinaqoqu da dövlət tikir. Azərbaycan müsəlman ölkəsi olsa da, heç zaman məscidi kilsə və sinaqoqdan ayırmayıb. Onlara hər zaman bərabər münasibət sərgiləyib. Bu reallığı yuxarıda qeyd etdiyim kimi, artıq bütün dünya qəbul edib. Yaxşı olar ki, bu komissiya və departamentlər gözlərini açıb həqiqəti görsünlər. Azərbaycana qarşı bu cür kapmaniya və təxribatlara son qoymağın vaxtı çoxdan çatıb. Onlar onsuz da heç zaman çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Bunun üçün sadəcə gözlərini açıb həqiqəti görməlidirlər. Həqiqət isə birdir".
Mina Mikayılova