Londonda ikigünlük ABŞ-Çin ticarət danışıqları yekunlaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, iyunun 9-da başlayan danışıqlarda Çin tərəfini Baş nazirin müavini Xe Lifen, ABŞ nümayəndə heyətini isə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir təmsil ediblər.
Ötən gün isə ABŞ prezidenti Donald Tramp Çinlə çərçivə razılaşmasının tamamlandığını açıqlayıb. Prezidentin sözlərinə görə, əldə olunmuş razılaşmaya əsasən, nadir torpaq elementləri dərhal ABŞ-yə çatdırılacaq. Həmçinin ABŞ Çin məhsullarına 55 faiz rüsum tətbiq edəcək, Çin isə 10 faiz tariflə kifayətlənəcək.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, ABŞ və Çin arasındakı ticari narazılıq siyasi narazılığın yeni formasıdır. Sovet İttifaqının dağılmasından sonra dünyada dominant gücə çevirilən ABŞ son illər iqtisadiyyatı, sənayesi, texnologiyası və nüfuz dairəsi böyüyən Çini özünə ciddi rəqib kimi görür. Bu səbəbdən ABŞ müxtəlif təzyiq və təsir vasitələrindən istifadə edərək, Çinin artan nüfuzunu cilovlamaq istəyir:
Müsahibimizə görə, şübhəsiz ki, Çinin yüksəlişinin qarşısının alınmasının ən uyğun yolu Çin iqtisadiyyatının nəzarətə alınması və böyüməsinin qarşısını almaqdır. Ona görə də hansısa görüşün ABŞ ilə Çin arasındakı gərginlik və fikir ayrılığına müsbət təsir edəcəyi inandırıcı görünmür:
“İki ölkə arasındakı gərginliyin siyasi diplomatik qalmaqalın, hətta hərbi-siyasi gərginliyin getdikcə artması fonunda davam etməsi ticari əməkdaşlığın əvvəlki kimi olacağı real görünmür. Əvvəl yalnız ABŞ-nin birtərəfli sanksiyaları müşahidə olunurdusa, son zamanlar Çin də ABŞ-nin sanksiyalarına qarşı özünün gömrük rüsumlarına sanksiya tətbiq edib. Bu, onu göstərir ki, tərəflər reallığın fərqindədirlər və ən azı yaxın gələcək üçün əməkdaşlığın daha çox rəqabət mühitində davam etməsini hədəfləyirlər".
Taleh Əliyev: Hansısa görüşün ABŞ- Çin gərginliyinə müsbət təsir edəcəyi inandırıcı görünmür
Politoloq hesab edir ki, tərəflər arasında aparılan danışıqlar müsbət həllə səbəb olmayacaq. Əksinə ABŞ-Çin münasibətləri ticarətin bütün sahələrində getdikcə daha çox rəqabət mühitində olacaq.
"O cümlədən, ayrı-ayrı regionlarda işbirliyindən daha çox, rəqabət öndə olacaq. Bu gün ABŞ tərəfindən Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı bu region üzərində olan dövlətlərə qarşı təsir və təzyiq rıçaqlarının işə salınması və müdaxilələr olunması müşahidə olunur. Qarşıdakı dövrdə digər sahələrdə də iki nəhəngin qarşıdurma mühitində bir-birinə qarşı fəaliyyətinin şahidi olacağıq", - deyə Taleh Əliyev vurğulayıb.
Qeyd edək ki, Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100%-i ötmüş qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.
Gülşən Şərif