• Bakı 13° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Çinli jurnalistin Prezidentə bəhs etdiyi azərbaycanlı DANIŞDI: Həyatımda dönüş nöqtəsi oldu

CƏMİYYƏT

28 Noyabr 2025 | 10:31

Çinli jurnalistin Prezidentə bəhs etdiyi azərbaycanlı DANIŞDI: Həyatımda dönüş nöqtəsi oldu

"2022-ci ildə Çinə gələndə müraciət zamanı çox çətinlik çəkirdim. Nələrə diqqət etmək lazımdır, onu bilmirdim və suallarıma cavab verəcək heç kim yox idi. Amma indi mən özüm bu suallara cavab verə bilirəm və yeni gələcək tələbələrə rahatlıqla tövsiyələrimi verirəm".

Bu sözləri Bakıvaxtı.az-a müsahibəsində Çində təhsil alan məşhur azərbaycanlı doktorant Tağı Məmmədov bildirib.

Bu həmin Tağı Məmmədovdur ki, Prezident İlham Əliyevin aprelin 25-də Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə zamanı jurnalist Liu Xin ondan bəhs edib.

Tağı Məmmədov onunla bağlı Prezidentə sual veriləndən sonra məşhurlaşdığını bildirərək qeyd edib, bu il onun həyatında xüsusi dönüş nöqtəsi olub. Dediyinə görə, Prezidentə çinli jurnalistin onunla bağlı sual verməsi həm şəxsi imicinə, həm də fəaliyyətinə müsbət təsir göstərib.

Müsahibimiz bildirir ki, artıq Çində yaşayan azərbaycanlılar onu daha yaxşı tanıyır və bu tanınma ona tələbələrlə daha sıx əlaqə qurmaq imkanı yaradıb:

"Həyatımda dönüm nöqtəsi məhz bu il oldu. Prezidentə çinli jurnalistin mənimlə bağlı sual verməsi çox xoş oldu. Bunun çox müsbət təsiri oldu. Məsələn, burada yaşayan azərbaycanlılar artıq məni tanıyır, bilirlər. Ən sevdiyim tərəfi isə bu oldu ki, bir çox tələbə ilə əlaqə qura bildim".

Xüsusilə Çində təhsil almaq istəyən tələbələrə dəstək verdiyini qeyd edən T.Məmmədov 2022-ci ildə ölkəyə ilk gəlişində yaşadığı problemləri xatırladıb.

Gənc doktorant bildirir ki, Çində tələbələrin işləməsinə dair qanuni məhdudiyyətlər var:

"Rəsmi olaraq, tələbə vizası ilə Çində işləmək və ya biznes fəaliyyəti göstərmək qadağandır. Buna baxmayaraq, bəzi tələbələrin özlərini inkişaf etdirmək üçün fərdi təşəbbüslər göstərə bilmək imkanına sahibdir. Xarici tələbələr üçün həm hüquqi, həm dil, həm də bazar çətinlikləri mövcuddur, lakin məqsəd və plan doğru qurularsa, inkişaf mümkündür. Hüquqi məhdudiyyətlər, dil baryeri, yerli bazarın özəllikləri var. Amma bütün bunlara baxmayaraq, əgər insan istəklidirsə, düzgün planlama və öyrənmə yolu ilə inkişaf mümkündür".

Hazırda bütün diqqətini təhsilə yönəltdiyini deyən Tağı Məmmədov əsas fikrinin təhsili ilə bağlı olduğunu bildirib:

"Elmi işimi müdafiə etmək üçün təhsilimə həqiqətən də ciddi yanaşıram. Boş vaxtlarımda bəzən tərcümə işi məşğul oluram".

O, təhsilini bitirib ölkədə qalmaq istəyənlərin mütləq Çin dilini bilməli olduğunu xüsusi vurğulayıb:

"Təhsilinizi bitirdikdən sonra burada qalmaq və iş qurmaq istəyirsinizsə, Çin dilini bilməlisiniz ki, öz biznesinizi rahatlıqla idarə edə biləsiniz".

Çindəki sosial mühitlə bağlı danışan həmsöhbətiimizin sözlərinə görə, çinlilərin xaricilərə, o cümlədən azərbaycanlılara münasibəti müsbətdir:

"Mentallıq baxımından Çinlilər bizimlə ünsiyyətdə çox mehribandırlar. Xarici vətəndaşlarla işləməyi sevirlər. Çində müxtəlif sahələrdə uğur əldə edən azərbaycanlılar artıq ölkə cəmiyyətinə inteqrasiya olunub və iki ölkə arasında əlaqələrə töhfə verirlər".

Gənc doktorant gələcək planlarından da danışıb. Deyib ki,  uzunmüddətli hədəfi biznes sahəsində inkişaf etməkdir:

"Biznes sahəsində inkişaf etmək və idarəetmə elmi üzrə daha da ixtisaslaşmaq istəyirəm. Universitetdə müəllim kimi qalmaq planım yoxdur. Bir neçə ildən sonra idarəetmə sahəsi ilə bağlı xüsusi mövzularda dərs deməyi düşünə bilərəm".

Tağı Məmmədov hesab edir ki, Çinlə bağlı mədəniyyət və həyat tərzi fərqləri olsa belə, ölkəni seçmək ciddi üstünlüklər yaradır:

"Bura gəlmək qərarı verəndə çoxları mənə deyirdi: "Tağı, niyə məhz Çinə müraciət edirsən? Avropa ölkələrinə və ya Amerikaya müraciət et daha yaxşıdır". Amma mən qərarımda qəti idim və dedim ki, yox, mən məhz Çinə getmək istəyirəm. İnsanlar "Çin" deyəndə ağıllarına fərqli, bəzən də mənfi assosiasiyalar gəlirdi. Amma indi, 2025-ci ilə gəldikdə görürük ki, vəziyyət tamamilə dəyişib. İnsanlar artıq Avropaya yox, Çinə müraciət etməyə daha çox can atırlar. Çünki bilirlər ki, Çin bu illər ərzində çox böyük inkişaf yolu keçib, bir çox sahələrdə dünyada lider mövqeyə gəlib çıxıb və güclü kadrlar yetişdirən ölkəyə çevrilib".

Azərbaycana Çin tərəfindən qoyulan investisiyaların artdığını vurğulayan Tağı Məmmədov hesab edir ki, bu, yeni mütəxəssislərə ehtiyacı artırır:

"Çin Azərbaycana ciddi şəkildə investisiya qoyur, zavodlar açır. Bu isə o deməkdir ki, artıq Çində təhsil almış və Çin dilini bilən mütəxəssislərə ehtiyac artır: Çin həm təhsil verir, həm də öz mədəniyyətini dünyaya tanıtdırırır. Bu baxımdan, əgər siz gələcəyinizi qurmaq və inkişaf etmək istəyirsinizsə, Çində təhsil almağı ciddi şəkildə düşünməlisiniz. Çində təhsil alın, dili öyrənin, mədəniyyətə uyğunlaşın və bu yolla gələcəyiniz üçün güclü bir baza yaradın".

Tağı Məmmədov bildirir ki, Çinlə Azərbaycanın təhsil sistemi struktur olaraq çox fərqlənməsə də, şərait, laboratoriyalar və texnoloji baza baxımından Çin daha inkişaf etmiş imkanlara malikdir:

"Əslində, Çindəki təhsillə Azərbaycanın təhsil sistemi struktur baxımından o qədər də fərqlənmir. Mən öz bakalavr təhsilimi Azərbaycanda - Xəzər Universitetində almışam, oradan bilirəm ki, dərs formaları, mühazirə strukturları oxşardır. Fərq əsasən müəllim yanaşması və şəraitlə bağlıdır.

Mənim sahəm üzrə dərslər (idarəetmə və sosial elmlər) Azərbaycandakı ilə çox da fərqlənmir. Amma məsələn, İT, mühəndislik və kimya sahələri üzrə fərq çox aydındır. Çünki Çində tələbəyə çox geniş imkanlar yaradılır - xüsusilə laboratoriya şəraitində. Tələbə burada rahatlıqla eksperimentlər apara bilir, yeni ideyalar üzərində işləyə bilir. Azərbaycanda isə bəzən maddi imkanlar və ya texniki resurslar bu cür təcrübələrin qarşısını ala bilir.

Məsələn, kimya mühəndisliyi üzrə bir tələbə yeni dərman və ya maddə ixtira etmək istəsə, Azərbaycanda bu maddələr bəzən xaricdən gəlir və uzun vaxt alır. Amma Çində həmin maddələr daxildən təmin olunur, eksperimentlər dayanmır, araşdırmalar davamlı olur. Həmçinin dövlət universitetlərə xüsusi investisiya ayırır, bu da nəticəyə daha tez çatmağa şərait yaradır.

Digər fərq - kampus infrastrukturudur. Çində universitetlərin çoxu böyük və tam təchiz olunmuş kampuslara malikdir. Tələbənin universitetdən çıxmadan market, yeməkxana, istirahət zonası və bütün ehtiyaclarını qarşılayacaq imkanları olur. Eyni zamanda, laboratoriyalar çox müasir texnologiyalarla təchiz olunub.

İT sahəsinə gəlincə, Çin bu sahədə o qədər inkişaf edib ki, buradakı professorlar həm bilik, həm tədris metodu baxımından çox güclüdür. Onların öyrətmə tərzi və səviyyəsi çox fərqlidir".

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

27 Noyabr 2025