Serbiyalı tennisçi Novak Cokoviç "Böyük Dəbilqə" turnirlərində keçirdiyi oyunların sayına görə yeni rekord müəyyənləşdirib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya Açıq çempionatının ikinci mərhələsində portuqaliyalı Xayme Faria ilə görüş məşhur tennisçi üçün 430-cu olub.
O, bu səviyyəli yarışlarda 429 oyun keçirmiş isveçrəli Roje Federerin rekordunu qırıb. Serbiyalı idmançının "Böyük Dəbilqə" turnirlərində 380 qələbəsi var və bu göstəriciyə görə də liderdir.
37 yaşlı tennisçi hazırda dünya reytinqində yeddincidir. O, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) himayəsi altında keçirilən turnirlərin 99-da birinci olub, həmçinin "Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibidir.
N.Cokoviç Yay Olimpiya Oyunlarının qalibi (2024), Olimpiadanın bürünc mükafatçısı (2008) və "Devis Kuboku"nun sahibidir (2010). O, dünya reytinqinin lideri kimi keçirdiyi həftələrin sayına (428) görə mütləq rekorda malikdir.