Hollandiya hakimiyyəti NATO-nun ÜDM-in 5%-lik yeni hərbi xərclər hədəfinə çatmaq üçün vəsait tapmaqda ciddi çətinliklərlə üzləşib.
Bakıvaxtı.az "De Telegraaf" qəzetinə istinadən xəbər verir ki, müdafiə ehtiyacları üçün əlavə milyardlarla avronun tapılması zərurəti seçki kampaniyasının mərkəzi mövzularından birinə çevrilib.
Qəzetin yazdığına görə, bu fonda Haaqa Mərkəzi Planlaşdırma Bürosunun partiyaların seçki platformaları üzrə hesablamalarının dərc olunmasını səbirsizliklə gözləyir. Bu məlumatlar hər bir siyasi partiyanın 2035-ci ilə qədər təxminən 20 milyard avroya çatacağı gözlənilən müdafiə büdcəsindəki artımı kimin maliyyələşdirmək niyyətində olduğunu ortaya çıxaracaq.
Hollandiya hökuməti yeni NATO standartına uyğun olaraq müdafiə və təhlükəsizlik xərclərini ÜDM-in 5%-nə qədər artırmaq qərarına gəlib. Bu məbləğdən ÜDM-in 3,5%-nin birbaşa silahlı qüvvələrə, daha 1,5%-nin isə müdafiə sektoruna fayda verən infrastruktur və texnologiya layihələrinə, o cümlədən kibertəhlükəsizlik və yol tikintisinə ayrılması planlaşdırılır. NATO-nun iyun ayında Haaqada keçirilən sammitində 2034-cü ilə qədər Avropa dövlətləri tərəfindən hərbi xərclərin ÜDM-in 5%-ə çatdırılması barədə qərar qəbul edilib.
Amsterdam Universitetinin iqtisadiyyat və dövlət maliyyəsi professoru Bas Jacobs bildirib ki, müdafiə xərcləri investisiya potensialından məhrumdur və buna görə də artan dövlət borcları hesabına qarşılanmamalıdır.
Gülşən Şərif