• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Deputat apteklərdə əlillərə pulsuz dərman verilməsini təklif edir

SİYASƏT

15 Aprel 2022 | 15:20 | Müəllif: Qalib İbrahimoğlu

Deputat apteklərdə əlillərə pulsuz dərman verilməsini təklif edir

“Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası sahəsində mütərəqqi addımlar atılmaqdadır. Lakin bəzi mövcud problemlər də aradan qaldırılmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Milli Məclisin deputatı Könül Nurullayeva plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda əlillərin dövlət hesabına peşə təhsili alması qeyd olunub: “Qanunda həmçinin əlil şəxslərin ali məktəblərə ödənişli əsaslarla daxil olduğu halda onların təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsinin də öz əksini tapması yaxşı olardı. Eyni zamanda, inklüziv təhsil üzrə hüquqi baza yaradılmasına və mövcud Dövlət Proqramının tətbiqi genişləndirilməsinə zərurət var”.

Deputat qeyd edib ki, əlillərlə bağlı digər bir çətinlik yaradan məsələ onların işlə təmin olunması və əlillərə uyğun iş yerlərinin yaradılmasıdır: “Əlillərin fərdi reabilitasiya proqramları olmalı, onların hansı şəraitdə işləyə bilməsi müəyyən edilməlidir. Əlilliyi olan şəxslərin tibbi təminatının qanunda nəzərdə tutulması çox humanist addımdır. Lakin əlillər əlillik vəsiqəsini təqdim etməklə bütün apteklərdən rəsmi resept əsasında təyin edilmiş dərmanları pulsuz almaq imkanlarından məhrumdurlar. Bütün əczaxanalarda əlillərə pulsuz dərman verilməsi təmin edilsə, onların bununla bağlı çətinliklərini aradan qaldırar. Belə halda apteklərə təqdim olunan əlillik vəsiqələrinin etibarlılığının yoxlanılması üçün əlillərin dövlət reyestrinin elekton bazasına çıxış təmin edilə bilər. Bununla da, əlillərə rəsmi resept əsasında verilmiş dərmanların pulu dövlət hesabına ödənilə bilər”.

K.Nurullayeva hazırda ölkəmizdə əlilliyin müəyyən edilməsi və rəsmiləşdirilməsi proseslərinin elektron sistemə keçirilməsinə də toxunub. Bildirib ki, bununla belə, elektron qaydada müraciət edən zaman hansısa xırda və texniki səhv nəticəsində əlil olan şəxs rədd cavabı alır ki, bu da müəyyən problemlər yaradır: “Bu problemin də aradan qaldırılması olduqca vacibdir. Həmçinin, hesab edirəm ki, əlilliyin müəyyən edilməsi ilə bağlı göndərişlərin verilməsi üçün xüsusi səyyar komissiyaların yaradılması da məqsədəmüvafiq olardı”.

Deputat qanunda, həmçinin əlillərə şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatdan istifadə zamanı müəyyən güzəştlərin nəzərdə tutulmasını va vacib hesab edir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026