• Bakı 23° C

    15.96 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

“Dərin zərbə” təşəbbüsü: Almaniya və Ukraynanın yeni hərbi əməkdaşlığı

SİYASƏT

10 Sentyabr 2025 | 14:18

“Dərin zərbə” təşəbbüsü: Almaniya və Ukraynanın yeni hərbi əməkdaşlığı

Almaniyanın Ukrayna ilə birlikdə həyata keçirdiyi “dərin zərbə” təşəbbüsü beynəlxalq arenada geniş müzakirələrə səbəb olub.

Müdafiə naziri Boris Pistoriusun açıqladığı kimi, 300 milyon avro dəyərində uzun mənzilli dronların istehsalı və tədarükü nəzərdə tutulur. Bu addım Ukraynanın müdafiə gücünü artırmaqla yanaşı, regiondakı hərbi-siyasi balansı da dəyişə bilər.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayevanın sözlərinə görə, Almaniyanın Ukrayna ilə “dərin zərbə” təşəbbüsünə qoşulması Rusiya üçün ciddi strateji çağırışdır:

“Çünki uzun mənzilli dronların istehsalı Ukraynanın döyüş meydanında daha üstün mövqelər qazanmasına imkan verəcək. Bu, eyni zamanda Moskvanın dərin arxa cəbhələrinin təhlükəsizliyini şübhə altına alır”.

Politoloq bildirib ki, regional güc balansı baxımından isə Avropanın daha aktiv oyunçuya çevrilməsi və Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması müşahidə edilə bilər.

Z.Qarayeva hesab edir ki, bu layihədə Ukraynanın öz müdafiə sənayesinin cəlb olunması çox mühüm amildir:

“Birincisi, texnologiya transferi baş verir və Ukrayna ordusu müasir hərbi texnologiyalara daha rahat çıxış əldə edir.

İkincisi, istehsalın yerli bazada təşkili ordunun real döyüş ehtiyaclarına uyğun məhsulların hazırlanmasını mümkün edir.

Üçüncüsü, bu, Ukraynanın uzunmüddətli müdafiə potensialını gücləndirir və ölkənin iqtisadi inkişafına yeni təkan verir”.

Züriyə Qarayeva:  “Dərin zərbə” təşəbbüsü göstərir ki, Avropa artıq öz təhlükəsizliyi üçün daha aktiv addımlar atmağa başlayıb

Müsahibimizə görə, bu təşəbbüs Avropanın yalnız müdafiədə yox, həm də hücum imkanlarını inkişaf etdirməyə başladığını göstərir. Onun bildirdiyinə görə, burada əsas mesaj odur ki, Avropa ölkələri Rusiya təhdidinə qarşı daha müstəqil və qətiyyətli mövqe sərgiləyirlər. Bu addım həm NATO çərçivəsində, həm də Aİ daxilində təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsinə xidmət edir. Gələcəkdə Avropa strateji avtonomiyasını daha da möhkəmləndirə bilər.

Bu təşəbbüsün ABŞ-Avropa münasibətlərinə təsitinə gəlincə, politoloq qeyd edib ki, ABŞ uzun müddətdir, Avropanın müdafiə sahəsində daha çox məsuliyyət daşımasını tələb edir. “Dərin zərbə” təşəbbüsü göstərir ki, Avropa artıq öz təhlükəsizliyi üçün daha aktiv addımlar atmağa başlayıb:

“Bu, Vaşinqton tərəfindən müsbət qarşılanacağı kimi, transatlantik münasibətlərdə yükün bölüşdürülməsi baxımından da əhəmiyyətli ola bilər. Digər tərəfdən, Avropa müstəqilliyini artırdıqca ABŞ-la koordinasiya mexanizmlərinin necə qurulacağı da yeni müzakirə mövzusu olacaq”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR