Azərbaycan və Rusiya prezidentlərinin son görüşü ikitərəfli münasibətlərin yenidən formalaşması və möhkəmləndirilməsi baxımından önəmli mərhələ oldu. Görüş zamanı tərəflər bir-birinin maraqlarını nəzərə alaraq qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını müzakirə etdilər. Xüsusilə, əvvəlki dövrlərdə gərginlik yaradan məsələlər, o cümlədən təyyarə insidenti ilə bağlı anlaşılmazlıqlar Putinin açıqlamaları ilə daha aydın və konkret nəticələrə bağlandı.
Bu dialoq yalnız mövcud problemlərin həllinə yönəlmədi, eyni zamanda gələcəkdə oxşar gərginliklərin qarşısını almaq üçün mexanizmlərin işlənməsinə zəmin yaratdı. Görüş tərəflərin strateji dialoqun gücləndirilməsinə və ikitərəfli etimadın artırılmasına ciddi töhfə verməsi baxımından da önəm daşıyır.
Nəticədə Azərbaycan və Rusiya arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı qoyuldu və iki ölkənin qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq perspektivləri daha da aydınlaşdı.
Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, ölkələr arasındakı konfliktlərin həlli görüşlərin nəticələrinə bağlıdır:
"İlkin təmaslar bu həll istiqamətində atılan ilk addım oldu. Bunu ikitərəfli maraqlar kontekstində qiymətləndirməliyik. Əvvəllər vəziyyət fərqli idi və məsələ yalnız bir tərəfin mövqeyinə əsaslanırdı. Azərbaycan tələblərini irəli sürürdü, lakin Rusiya onları yetərincə qəbul etmirdi. İndi isə məsələyə real və ədalətli qiymət verilməlidir".
Əziz Əlibəyli: Baş vermiş zərərin inkarı mümkün deyil
Şərhçinin sözlərinə görə, ikinci vacib məsələ Rusiyanın hüquqi məsuliyyətini qəbul etməsidir:
"Eyni zamanda qeyd olundu ki, Azərbaycanla bağlı baş verən hadisələr nəzarət və hüquqi çərçivədə qiymətləndirilməlidir. Birbaşa hədəf olmaq iddiası irəli sürülməsə də, baş vermiş zərərin inkarı mümkün deyil".
Əlibəyli əlavə edib ki, tərəflər bu anlaşmanı qəbul etməklə, kompensasiyaların ödənilməsini və prosesin davam etdirilməsini təmin edəcəklər:
"Araşdırmalar davam edəcək və qanuni tələblərə uyğun bütün tədbirlər görüləcək. Nəticədə Azərbaycan Prezidentinin irəli sürdüyü məsələlər rəsmən qəbul olunmuş sayılacaq".
Əli Hüseynov