• Bakı 15° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Zəfər paradı– Diplomatik qələbənin rəmzi: Azərbaycanın hərbdən sülhə uzanan beşillik yolu

SİYASƏT

09 Noyabr 2025 | 12:59

Zəfər paradı – Diplomatik qələbənin rəmzi: Azərbaycanın hərbdən sülhə uzanan beşillik yolu

2020-ci ilin Vətən müharibəsində əldə edilən tarixi Zəfərin beşinci ildönümünə həsr olunmuş hərbi parad təkcə qələbənin xatırlanması deyil, həm də onun diplomatik legitimləşməsinin rəmzi idi. Bu parad, Azərbaycanın döyüş meydanında qazandığı hərbi uğurun beynəlxalq münasibətlər müstəvisində təsdiqlənməsi və sülh arxitekturasının mərkəzində dayanan güclü dövlət konsepsiyasının nümayişi kimi dəyərləndirilə bilər. XXI əsrdə həm müharibədə, həm də diplomatiyada eyni anda qalib gəlmək bacarığına sahib olan azsaylı dövlətlərdən biri kimi Azərbaycan öz modelini formalaşdırdı.

44 günlük müharibədən sonrakı beş il ərzində diplomatik mübarizə az qala döyüş qədər çətin oldu. Ermənistan məğlubiyyətin nəticələrini masada yumşaltmağa, yaxud Azərbaycan Zəfərinin siyasi-hüquqi təsbitinə mane olmağa cəhd göstərirdi. Bu cəhdlərə beynəlxalq miqyasda dəstək verən qüvvələr də az deyildi: Fransanın yer aldığıö Avropa anti-Bakı cəbhəsi, ABŞ-da təsir imkanlarını qoruyan erməni diasporu, İranın “qırmızı xətt” siyasəti və Moskvanın separatizmi süni şəkildə yaşatmaq səyləri. Lakin Azərbaycanın ardıcıl və prinsipial diplomatiyası bu müqavimətləri tək-tək neytrallaşdırdı.

Prezident İlham Əliyev həm Rusiya, həm Qərb platformasında aparılan danışıqlarda balansı qorumaqla, heç birini digərinin alternativinə çevirmədən, hər iki masada üstünlüyü Bakının lehinə saxladı. 2022-ci ildə təqdim edilən “5 əsas prinsip” sənədi Ermənistanı ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar etdi. Bu, Qarabağ məsələsində psixoloji dönüş nöqtəsi idi. Bakı bu reallığı Moskva qarşısında fakt kimi irəli sürərək, sülhməramlı qüvvələrin bölgədən çıxarılmasının zəruriliyini əsaslandırdı.

Diplomatik prosesin fonunda Azərbaycan hərbi müstəvidə də mövqelərini gücləndirdi. Strateji yüksəkliklərin nəzarətə götürülməsi, “Qisas” əməliyyatı və Laçın sərhəd-keçid məntəqəsinin qurulması bu siyasətin davamı idi. 2023-cü ilin sentyabrında keçirilən 24 saatlıq antiterror əməliyyatı isə suverenliyin tam bərpasını təmin etdi və Ermənistanı Azərbaycanın şərtləri əsasında sülh danışıqlarına qayıtmağa məcbur etdi.

Bundan sonra rəsmi Bakı sülh sazişinin mətnini təqdim edərək danışıqları ikitərəfli formata keçirdi. Bu format münaqişənin beynəlxalq alətə çevrilməsinin qarşısını aldı və müzakirələri konkret nəticələrə yönəltdi. Nəticədə sərhədin böyük hissəsində delimitasiya tamamlandı, Qazaxın dörd kəndi bir atəş belə açılmadan qaytarıldı, Ermənistanın konstitusiya dəyişiklikləri və üçüncü ölkə qüvvələrinin çıxarılması istiqamətində razılıqlar əldə olundu. Azərbaycanın diplomatik xətti artıq regionda qəbul olunan yeganə reallığa çevrildi.

Eyni zamanda, Bakı qlobal səviyyədə də siyasi adaptasiyasını nümayiş etdirdi. ABŞ-da prezident seçkiləri zamanı Əliyevin Tramp administrasiyasına verdiyi açıq dəstək, Vaşinqtonla münasibətlərin yeni mərhələsini formalaşdırdı. Trampın qayıdışı ilə Cənubi Qafqazda Ermənistan yönlü siyasət korreksiya olundu, erməni lobbisinin Ağ Evdəki təsiri zəiflədi və Azərbaycanla strateji əməkdaşlıq xətti bərpa edildi. 8 avqustda Vaşinqtonda imzalanan sənədlər bu dönüşün rəsmi təsdiqi oldu: Minsk qrupu hüquqi olaraq ləğv edildi, Zəngəzur dəhlizi (TRİPP) beynəlxalq səviyyədə tanındı və Ermənistanın yeni konstitusiya mərhələsi bu reallıqlara uyğunlaşdırıldı.

Beşillik Zəfər paradı məhz bu transformasiyanın yekun simvolu idi. Azərbaycanın nümayiş etdirdiyi hərbi güc, artıq təkcə müdafiə deyil, sülhü qoruma mexanizmi kimi qəbul olunur. Bakı göstərdi ki, regionda təhlükəsizlik, sabitlik və sülhün təməl dayağı yalnız real gücə əsaslanan ədalətli siyasətdir və bu siyasətin müəllifi Azərbaycan Prezidentidir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

08 Noyabr 2025