Bəzi məktəblərdə siniflərdə normadan artıq şagird sayının olması artıq təkcə statistik göstərici deyil, real tədris prosesində hiss olunan problemdir. Bu hal həm dərsin keyfiyyətinə, həm də müəllimlərin şagirdlərlə fərdi işləmək imkanlarına birbaşa təsir göstərir.
Mövcud vəziyyət yeni təhsil infrastrukturuna ehtiyacın artdığını göstərməklə yanaşı, alternativ yanaşmaların da müzakirəsini aktuallaşdırır.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, artıq bu istiqamətdə narazılıqların ifadə olunması müşahidə edilir. Şagird sayı çox olan siniflərdə tədris prosesinin aparılması imkanlarının müəyyən qədər məhdudlaşması istər-istəməz sosial platformalarda da səsləndirilir.
Ekspertin sözlərinə görə, bəzi siniflərdə, xüsusilə 40 şagirddən çox şagirdin olması tədris prosesinə mənfi təsir göstərir və bunun acı nəticələri ortaya çıxır. Bu məsələ müəllimlər tərəfindən ictimaiyyətdə açıq şəkildə ifadə olunur:
"Mən özüm də müəllim olmuşam və bilirəm ki, hər hansı bir müəllim 40 şagirdlə tədris prosesini həyata keçirdiyi zaman mövzunun şagirdlərə aşılanmasında müəyyən problemlər yaşaya bilər. Yeni mövzunun izahı, onun möhkəmləndirilməsi, əvvəlki mövzunun soruşulması, sual-cavabın aparılması və bütün şagirdlərin prosesə cəlb olunması şagird sayı çox olan siniflərdə müəllim üçün ciddi çətinlik yaradır".

Ramin Nurəliyev: Sinifdə ən ideal şagird sayı 20-25 nəfər arasıdır
Müsahibimiz bildirir ki, bu vəziyyətdən çıxış yolu kimi şagird sayı çox olan məktəblərdə müəyyən güzəştlər tətbiq oluna bilər:
"Hesab edirəm ki, bəzi məktəblərdə distant formada təhsilin həyata keçirilməsi mümkündür. Həmin məktəblərdə müəyyən qrupların distant formada təhsil alması digər şagirdlərin sayının azalmasına müsbət təsir göstərə bilər. Xüsusilə şagird sıxlığının müşahidə olunduğu regionlarda bu model nümunə kimi tətbiq edilə bilər".
Onun fikrincə, ümumilikdə sinifdə arzu olunan şagird sayı 25 nəfər ətrafındadır. 25-dən çox, xüsusilə 30-dan yuxarı şagird olan siniflər artıq arzuolunan tablo hesab edilmir:
"Ən ideal göstərici 20-25 nəfər arasıdır. 25-30 arası müəyyən hallarda mümkün sayılsa da, 30-dan yuxarı şagirdin olduğu siniflərdə tədris prosesinə mənfi təsir qaçılmazdır. Buna görə də 30 nəfərdən çox şagird olan siniflərdə bölünmələrin aparılması zəruridir".
Zeynəb Rzayeva
Bakı 




