Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Hökuməti Sədrinin müavini Aleksey Overçukla görüşü formal protokol hadisəsi kimi görünə bilərdi. Ancaq regionda gərginliyin artdığı, kommunikasiya xətlərinin və təhlükəsizlik mühitinin həssaslaşdığı bir vaxtda bu təmasın siyasi çəkisi daha böyükdür.
Rusiya tərəfinin İran ərazisindən vətəndaşlarının təxliyəsində göstərilən operativ dəstəyə görə təşəkkür etməsi humanitar jest kimi səslənsə də, əslində bu, Azərbaycanın böhran vəziyyətlərində etibarlı tranzit və koordinasiya platforması kimi qəbul edildiyini göstərir. Belə situasiyalarda praktiki əməkdaşlıq diplomatik bəyanatlardan daha çox etimad yaradır və dövlətlərarası münasibətlərin real əsasını möhkəmləndirir.
Görüşdə 2025-ci ilin oktyabrında Düşənbədə əldə olunmuş razılaşmaların icrası və 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzasından sonra yaranmış məsələlərin kompleks həlli istiqamətində addımların müzakirəsi xüsusi diqqət çəkir. Bu məqam iki ölkə arasında həssas mövzuların açıq dialoq mühitində müzakirə olunduğunu göstərir. Problemlərin ertələnməsi yox, praktik mexanizmlərlə həlli niyyəti Bakı-Moskva xəttində münasibətlərin emosional yox, institusional əsasda idarə olunduğunu nümayiş etdirir. Bu isə qarşılıqlı etimadın qorunması baxımından vacib elementdir.
İqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi niyyəti isə münasibətlərin strateji ölçüsünü tamamlayır. Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə işlərin davam etdirilməsi barədə ortaq mövqenin təsdiqlənməsi regionda yeni geoiqtisadi balansın formalaşdığı bir dövrdə diqqətəlayiqdir. Bu dəhliz təkcə yük axını deyil, həm də siyasi əlaqələrin sabitliyi deməkdir. Azərbaycan bu layihədə həm tranzit ölkə, həm də koordinasiya mərkəzi rolunu gücləndirir.
Humanitar məsələlərin gündəmdə yer alması isə dialoqun çoxşaxəli xarakterini göstərir. Görüşün ənənəvi dostluq və konstruktiv mühitdə keçməsi iki ölkə arasında siyasi əlaqələrin sabit xətt üzrə davam etdiyini təsdiqləyir. Ümumilikdə bu təmas Bakı ilə Moskva arasında münasibətlərin yalnız ikitərəfli çərçivədə deyil, regionun təhlükəsizlik və nəqliyyat arxitekturası fonunda da əhəmiyyətli olduğunu göstərir. Azərbaycan bu prosesdə balanslı və praqmatik siyasət yürüdərək həm humanitar, həm də strateji müstəvidə rolunu qoruyur və gücləndirir.
Ruslan Zəngəzur
Bakı 




