Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya təşəbbüsü dövlətin humanizm siyasətinin davamı olaraq həyata keçirilib. Bu təşəbbüs nəticəsində qəbul edilən 13-cü Amnistiya aktı 20 mindən çox şəxsi əhatə etməklə indiyədək qəbul olunmuş ən geniş miqyaslı akt kimi tarixə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva Ombudsmanın 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin təqdimi zamanı deyib.
Ombudsman Aparatının məlumatına görə, amnistiya aktının icrası çərçivəsində şəxslərin saxlanma şəraiti, rəftar, sənədləşmə, tibbi xidmət, qida və hüquqların təminatı diqqətlə yoxlanılıb. Həmçinin əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və konfidensial görüşlər həyata keçirilib.
Bildirilib ki, 2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ümumilikdə 355 başçəkmə aparılıb, onların 93-ü plandankənar olub. Başçəkmələr zamanı isə ümumilikdə 3 min 462 nəfər qəbul edilib.
Əli Hüseynov
Bakı 




