• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Ermənistan Konstitusiyasında preambula mübahisəsi: Ərazi iddiaları çıxarılacaqmı?

SİYASƏT

03 Mart 2026 | 15:01

Ermənistan Konstitusiyasında preambula mübahisəsi: Ərazi iddiaları çıxarılacaqmı?

Ermənistanın yeni Konstitusiya layihəsinin mətni mart ayı ərzində dərc olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib. Onun sözlərinə görə, mətn hazırdır və dəyişikliklər üçün fikirlərin olacağı ehtimalı ilə dərc olunacaq:

“Başqa sözlə, hər təklifə açığıq”.

Qalyan bildirib ki, preambula - birinci fəsil məsələsi hələ müzakirə olunmayıb və hazır deyil:

 “İki-üçüncü fəsilləri birləşdirərək onları bir fəsilə çevirdik, bu da dövlətin vəzifəsinin vətəndaşların hüquqlarını qorumaq olduğunu göstərir. Dövlət daha böyük yükü öz üzərinə götürməyə hazırdır”.

Ədliyyə naziri əlavə edib ki, hələlik Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması ilə bağlı heç bir qərar yoxdur.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a deyib ki, Ermənistanda Konstitusiya dəyişikliklərinə start verilib.

Ekspert vurğulayıb ki, sadəcə olaraq Konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi 7 iyun parlament seçkilərindən sonraya planlaşdırılır:

“Ermənistan cəmiyyəti parçalanıb. İctimaiyyətin bir hissəsi təəssüflər olsun ki, revanşist ideyalar səsləndirən radikal qüvvələrin arxasınca gedir. Konstitusiyanın preambula hissəsi ilə bağlı əgər konkret qərar verilsə, yəni orada yer alan Azərbaycan və Türkiyəyə ərazi iddialarının aradan qaldırılması müddəası çıxarılsa, bu, Ermənistanda Paşinyana qarşı çıxan kəsimin sayını artıra bilər, revanşistlərə əlavə stimul verər. Ona görə də Paşinyan hökuməti hələlik bu məsələni həyata keçirməyə tələsmir”.

İlqar Vəlizadə, politoloq

Analitikə görə, bir müddət sonra, xüsusən seçkilərdən sonra aydınlaşacaq ki, İrəvan hökumətinin yeni Konstitusiyasında preambula problemi qalıb, yoxsa yox:

“Çox güman ki, yeni Konstitusiyada bu məsələ yer almayacaq. Əgər Paşinyan hökuməti Azərbaycanın qəti tələbini yerinə yetirməzsə, heç bir sülh müqaviləsi olmayacaq”.

Müsahibimizin dediyinə görə, hökumət rəsmiləri mümkün qədər çalışırlar ki, ictimaiyyətdə çaşqınlıq və əlavə söz-söhbət yaratmasınlar. O səbəbdən, bu məsələdə bir qədər ehtiyatlı açıqlamalar səsləndirirlər.

Aydın Baxış


SON XƏBƏRLƏR