"Rusiyada yaşayan azərbaycanlıların həbs olunması halları ciddi narahatlıq doğurur və onların hüquqlarının müdafiəsi istiqamətində sistemli və effektiv tədbirlər görülməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Deputat vurğulayıb ki, saxlanılan şəxslər Azərbaycan vətəndaşlarıdır və onların hüquqlarının qorunması dövlət üçün prioritet məsələ olmalıdır. O qeyd edib ki, bu vəziyyət həm vətəndaşlarımızın hüquqlarının pozulması, həm də beynəlxalq münasibətlər baxımından önəmli narahatlıqlar yaradır.
Fazil Mustafa əlavə edib ki, bu istiqamətdə dövlət qurumlarının birgə fəaliyyəti və diplomatik kanalların daha fəal şəkildə işə salınması vacibdir. Onun sözlərinə görə, həm Rusiya tərəfi ilə aparılan danışıqlar, həm də hüquqi yardımların təşkili Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında əsas rol oynayır.
Parlament üzvü sonda qeyd edib ki, bu məsələdə daha genişmiqyaslı, planlı və sistemli işlərin aparılmasına ehtiyac var və dövlətin müvafiq qurumları vətəndaşlarımızın hüquqlarının təmin olunması üçün bütün imkanlardan istifadə etməlidir.
Əli Hüseynov
Bakı 




