Novruzun müjdəçiləri sayılan ilaxır çərşənbələr xalqımızın dünyagörüşündə və inanclar sistemində xüsusi yer tutur. Hər bir çərşənbə təbiətin oyanış mərhələsini, kainatın dörd əsas ünsürünü və insanın yenilənmə arzusunu özündə əks etdirir.
Bu mərasimlər təkcə folklor nümunəsi deyil, həm də qədim inancların, mifoloji təsəvvürlərin və həyat fəlsəfəsinin daşıyıcısıdır. Çərşənbələrdə icra olunan ayin və rituallar xalqın təbiətlə harmoniyada yaşamaq istəyini ifadə edir. Xüsusilə ikinci çərşənbə kimi qeyd olunan Od çərşənbəsi bu baxımdan daha dərin semantik məna daşıyır və özündə qədim od kultunun izlərini yaşadır.
Beləliklə, Od çərşənbəsinin mahiyyətinə nəzər saldıqda bu ənənənin köklərinin nə qədər qədim və zəngin olduğunu görürük.
Folklorşünas Şakir Albalıyev Bakıvaxtı.az-a bildirib ki, ilaxır çərşənbələrin ikincisi tədqiqatçılar tərəfindən od ünsürü ilə əlaqələndirilir və “Od çərşənbəsi” adı altında qeyd olunur:
“Oda, günəşə, ocağa, işığa tapınmanın əlamətlərini yaşadan bu çərşənbə od kultu ilə bağlıdır. Bəzi araşdırmalarda o, “zəhər düşdü” inancı ilə əlaqələndirilsə də, Od çərşənbəsinin kökləri daha qədim dövrlərə gedib çıxır. “Zəhər düşdü” ilə bağlı mərasimlər zamanla bu ənənə ilə qaynayıb-qarışmış, müəyyən elementlər bir-birinə qarışaraq zənginləşib. Od çərşənbəsində hər bir həyətdə tonqallar qalanır, insanlar onların üzərindən atlanaraq “Ağırlığım-uğurluğum odda yansın, keçmişdə qalsın” deyib mənəvi yüngülləşməyə çalışırlar. Bu mərasim təmizlənmə və yenilənmə rəmzi kimi qəbul edilir”.
Müsahibimiz qeyd edib ki, tədqiqatlarda Od çərşənbəsi ikinci çərşənbə kimi göstərilir və istiliyin gəlişini simvolizə edir:
“Lakin belə bir fikir də var ki, ilk çərşənbənin məhz od çərşənbəsi kimi götürülməsi daha məntiqli olardı. Çünki od istiliyə, isti yazın gəlişinə, soyuq qışın sona çatacağına olan inamı təcəssüm etdirir. Hərçənd “hər bir canlını sudan yaratdıq” deyimi mövcuddur. Çərşənbələrin ümumi mahiyyətində od, ocaq və istilik anlayışı xüsusi yer tutur. Od çərşənbəsində həyətdə, bacada, qapıda, kənd və dağlıq ərazilərdə tonqallar qalanır, insanlar gecəni tonqal başında keçirir, səhəri dirigözlü açırlar. Buna bəzi bölgələrdə “çilə çıxarmaq” da deyilir. Gənclər dağlarda, yal və yamaçlarda toplaşaraq tonqal qalayır və şənlik edirlər”.
Ş.Albalıyev əlavə edib ki, Od çərşənbəsinin mühüm əlamətlərindən biri də odun rəmzini evə daşımaqdır:
“Çöldə qalanan tonqalların simvolu kimi evlərdə süfrə başında şamlar yandırılır. Bu, oda və ocağa olan inamın ifadəsidir. Bu çərşənbə həm də bir həyat fəlsəfəsi aşılayır. Əksliklərin vəhdəti prinsipinə əsasən, odun həm yaradıcı, həm də dağıdıcı funksiyası var. “Oddan qalar, sudan qalmaz” deyimi də bu anlayışla səsləşir”.
Folklorşünas vurğulayıb ki, Od çərşənbəsində əsas məqsəd od ruhunu köməyə çağırmaq, onun yaradıcı gücündən bəhrələnməkdir:
““Od eləyəni fələk də eləyə bilməz” deyimi odun qüdrətini ifadə edir və onu taleyin gücü ilə qarşı-qarşıya qoyur. Beləliklə, Od çərşənbəsinin əsas missiyası odun həyatverici gücünə inamı ifadə etmək, qışın sərtliyindən qurtulub yazın hərarətli nəfəsinə qovuşmaq arzusunu yaşatmaqdır”.
Odla bağlı ata sözləri:
“Od qalar köz olar, qız qalar söz olar.
Od yanar yerdən tüstü çıxar”.
Odla bağlı inanclar:
“Çərşənbədə ocağı boş qoymazlar.
Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər”.
Odla bağlı alqışlar:
“Ocağın bərəkətli olsun.
Ocağın nurlu olsun.
Ocağın odlu olsun.
Ocağına nur çilənsin.
Ocağın sönməsin”.
Odla bağlı qarğışlar:
Oda düşəsən.
Od-ocağa həsrət qalasan.
Ocağın qazan görməsin.
Odla bağlı tapmacalar:
“Evdən - evə qızıl yaylıq” (od ).
Qeyd edək ki, Yel çərşənbəsi martın 10-u, Torpaq (İlaxır) çərşənbəsi isə 17-nə təsadüf edir.
Novruz bayramı günləri 20-24 mart tarixlərini əhatə edəcək.
Od çərşənbəniz mübarək!
Aynur Babazadə
Bakı 




