Peşə təhsili müasir iqtisadiyyatın tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında həlledici rol oynayır. Lakin bir çox ölkələrdə bu sahənin inkişaf tempi əmək bazarının sürətli dəyişimi ilə ayaqlaşmır.
Nəticədə, gənclər nəzəri biliklərlə kifayətlənir, praktik bacarıqlar isə arxa planda qalır və işə başlamaqda ciddi çətinliklər yaranır. Buna görə də peşə təhsilinin yenilənməsi və gücləndirilməsi həm dövlət, həm də özəl sektor üçün prioritet istiqamətə çevrilməlidir.
Bəs peşə təhsilinin inkişafını sürətləndirmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ixtisas seçimi üzrə mütəxəssis Rahim Mirzəcan deyib ki, əksər ölkələrdə peşə təhsili əmək bazarına daha çevik çıxış imkanı verdiyi üçün mühüm bir təhsil pilləsi hesab olunur. Azərbaycanda da peşə təhsili müəyyən qədər əlçatan səviyyəyə gəlib, lakin xüsusilə qəbul prosesi zamanı bəzi problemlər ciddi şəkildə hiss olunur:
"Hazırkı qəbul mexanizmi elə qurulub ki, demək olar, hər bir Azərbaycan gəncinin istədiyi peşəyə çatması çətinləşir. Peşə məktəblərinə qəbulun əngəlli olması ilk növbədə texniki imkanlarla, ikinci növbədə isə yüksək təhsil haqları ilə bağlıdır. Məsələn, Avropa ölkələrində peşə təhsili tamamilə pulsuzdur. Hətta başqa ölkənin vətəndaşları belə ödəniş etmədən peşə təhsili ala bilirlər. Bu isə həmin ölkələrdə peşə təhsilinə marağı və təşviqi xeyli artırır".
Onun sözlərinə görə, Azərbaycanda təəssüf ki, illik təhsil haqqı 5000 manat olan peşə ixtisasları mövcuddur:
"Bu isə peşə öyrənmək istəyən gənclər üçün ciddi maneə yaradır. Bununla belə, ali və orta ixtisas təhsili müəssisələri ilə müqayisədə peşə təhsilində tətbiq olunan praktik yönümlü proqramlar gənclərin əmək bazarına daha sürətli çıxmasına imkan verir. Məsələn, universitetdə 4 il təhsil alan tələbə ilə müqayisədə peşə məktəbində 1 il oxuyan bir gənc daha tez əmək bazarına daxil ola bilir. Bu da peşə təhsilinin əhəmiyyətini bir daha ortaya qoyur".
Həmsöhbətimiz qeyd edib ki, peşə təhsilinin inkişafını sürətləndirmək üçün ilk növbədə qəbul prosesi sadələşdirilməlidir:
"Eyni zamanda plan yerləri artırılmalı və geniş təbliğat aparılmalıdır ki, gənclərdə bu sahəyə maraq yaransın. Digər vacib məsələ peşə təhsilinin tamamilə ödənişsiz edilməsidir. Bunun üçün dövlət dəstəyi qaçılmazdır ki, təhsil müəssisələri öz xərclərini qarşılaya bilsinlər".

Rahim Mirzəcan: Lüzumsuz fənlərin proqramdan çıxarılması tədris müddətinin optimallaşdırılmasına imkan verər
Müsahibimiz vurğulayıb ki, tövsiyə edilən başqa bir məsələ peşə təhsilinin müddətinin qısaldılmasıdır:
"Hazırda Azərbaycanda peşə təhsili 6 aydan 4 ilə qədər davam edir və bu, bəzi hallarda həddindən artıq uzun sayılır. Hər hansı bir peşəyə yiyələnmək üçün 1 il, maksimum 1,5–2 il kifayət edə bilər. Lüzumsuz fənlərin proqramdan çıxarılması və yalnız ixtisas üzrə dərslərin keçirilməsi tədris müddətinin optimallaşdırılmasına imkan verər".
Rahim Mirzəcan söyləyib ki, hazırda Azərbaycan peşə məktəblərində əmək bazarının tələblərinə uyğun müxtəlif ixtisaslar mövcuddur:
"Kənd təsərrüfatı ixtisasları, İKT ixtisasları, İT və kompüter ixtisasları və s. Bu sahələrə maraq da kifayət qədər böyükdür. Lakin keyfiyyətli tədrisin təmin edilməsi üçün bəzi istiqamətlər üzrə xarici mütəxəssislərin dəvət olunması məqsədəuyğun olardı".
Onun dediyinə görə, bütün bu proseslər peşə təhsilinin gənclər üçün tamamilə ödənişsiz olması ilə daha effektiv nəticə verə bilər:
"Əgər peşə təhsili pulsuz olarsa, həm bu sahənin inkişafı sürətlənər, həm də ölkədə işsizliyin qarşısının alınmasına ciddi töhfə verilər. Hətta hər hansı şəxs rəsmi iş tapa bilməsə belə, peşə bacarığı sayəsində öz kiçik biznesini quraraq fəaliyyətini davam etdirə bilər".
Əli Hüseynov
Bakı 




