• Bakı C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Pakistan və Əfqanıstan arasında hərbi eskalasiya: regionu nə gözləyir?

SİYASƏT

02 Mart 2026 | 12:54

Pakistan və Əfqanıstan arasında hərbi eskalasiya: regionu nə gözləyir?

Pakistan ilə Əfqanıstan arasında sərhəd boyunca gərginliyin açıq hərbi qarşıdurma səviyyəsinə yüksəlməsi regionda yeni təhlükəsizlik böhranının formalaşdığını göstərir.

Tərəflərin bir-birinin ərazilərinə hava zərbələri endirməsi bu münaqişənin yalnız ikitərəfli münasibətlər çərçivəsində qalmayacağını deməyə əsas verir. Yaranmış vəziyyətin regional güclərin siyasi xəttinə və təhlükəsizlik strategiyalarına mümkün təsirləri diqqət mərkəzinə çıxır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Pakistanla Əfqanıstan arasında yaranan qarşıdurma təsadüfi şəkildə gündəmə gəlməyib. Bu prosesin üzərində müəyyən xarici dövlətlər və onlarla əlaqəli qruplar uzun müddətdir işləyirdi. Burada əsas rolu kəşfiyyat strukturları və onların yönləndirdiyi mexanizmlər oynayır. Təsadüfi deyil ki, bu gərginlik fonunda Hindistanın baş naziri, islamofob mövqeyi ilə tanınan və müsəlmanlara qarşı sərt siyasət yürüdən Narendra Modi İsrailə səfər etdi:

"Məhz bu zəmində Hindistanla İsrail arasında demək olar ki, ortaq bir ideoloji xətt formalaşıb. Hər iki tərəf – həm İsrail, həm də Hindistanın hazırkı siyasi rəhbərliyi - İslam dünyasına və müsəlman dövlətlərinə qarşı barışmaz mövqe tutur. Bu istiqamətdə Narendra Modinin İsraildə olduqca intensiv və gizli məsləhətləşmələr apardığı bildirilir. Məhz həmin proseslərin nəticəsi olaraq bu müharibə gündəmə gəlib.

Əslində Taliban daxilində də bir sıra ölkələrin təsir imkanları mövcuddur. Bu ölkələrdən biri də Hindistandır. Talibanın daxilində olan bəzi qruplara Hindistanın nüfuzu çatır və bu qrupları müəyyən istiqamətlərə yönəldə bilirlər. Bu səbəbdən baş verənlər mənim üçün gözlənilməz olmadı. Çünki bu qarşıdurma üzərində konkret layihə mövcud idi və həmin layihənin arxasında duran əsas aktorlar İsrail və xüsusilə Hindistandır. Onların əsas məqsədi Pakistanı da bu prosesin içinə çəkməkdir".

Politoloqun sözlərinə görə, hazırda bir tərəfdən Əfqanıstanla Pakistan arasında gərginlik artır, digər tərəfdən isə İsrailin xüsusi xidmət orqanları Bəluc separatçı hərəkatlarına dəstək verirlər. Bu dəstək təlimatlandırma, silah-sursat, maliyyə və logistika formasında həyata keçirilir:

"Bu hərəkat iki istiqamətdə fəaliyyət göstərir: bir tərəfdən İrandan, digər tərəfdən isə Əfqanıstandan ayrılmaq və vahid Bəlucistan yaratmaq niyyəti güdür. Faktiki olaraq İsrail bu prosesdə “bir güllə ilə iki hədəf” vurmağa çalışır. Məqsəd Pakistanın cənub-qərbində gərginliyi artırmaq, bəlucları ayağa qaldırmaq və paralel şəkildə Əfqanıstanla müharibəni alovlandırmaqdır.

Bu proseslərin fonunda diqqətçəkən digər məqam İsrailin İranla bağlı ritorikasıdır. İsrail yaxşı bildiyi halda ki, İranda nüvə silahının hazırlanması ilə bağlı real və təsdiqlənmiş fəaliyyət yoxdur, yenə də israrla “İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyik” mövqeyini ortaya qoyur. Əslində bu yanaşma İranı psixoloji və strateji baxımdan həmin silahı əldə etməyə sövq edir. Çünki İran artıq çox yaxşı anlayır ki, onun təhlükəsizliyinə real zəmanət verən yeganə amil nüvə silahına sahib olmaqdır".

Tofiq Abbasov: Məqsəd Əfqanıstanla müharibəni alovlandırmaqdır

Müsahibimiz bildirir ki, İsrailin əsas istəklərindən biri də müsəlman dövlətlərinin heç birinin nüvə potensialına malik olmamasıdır. Bu yanaşma Pakistana da şamil olunur. Məhz buna görə Pakistanın daxili sabitliyini pozmaq, ölkə daxilində gərginliyi maksimum həddə çatdırmaq və eyni zamanda onun ətrafında bir neçə münaqişə ocağı yaratmaq planı həyata keçirilir.

Onun sözlərinə görə, strateji məqsəd ondan ibarətdir ki, əvvəlcə İran zəiflədilsin, daha sonra isə Pakistan ərazisində proseslər dərinləşdirilsin və nəticədə Pakistanın nüvə silahı əlindən alınsın. Bu, uzunmüddətli və mərhələli strateji plandır. İsrail isə bu planda əsas icraçı alətlərdən biri kimi çıxış edir:

"Bu sifarişlərin arxasında isə daha geniş güc mərkəzləri dayanır. Buraya yüksək Anglo-Sakson dairələri, qlobal imperialist siyasəti yenidən dizayn edən qruplar daxildir. Bu kontekstdə Bill Gates, Rockefeller ailəsinə bağlı strukturlar, BlackRock kimi qlobal maliyyə və təsir mərkəzlərinin adları çəkilir. Bu proseslər təsadüfi deyil, illərlə aparılan araşdırmalar, planlaşdırmalar və fəaliyyət sxemləri əsasında həyata keçirilir.

Bu baxımdan Pakistanın siyasi və ali rəhbərliyi mütləq şəkildə qardaş və tərəfdaş dövlətlərlə - Türkiyə, Azərbaycan, İran və proseslərə loyal olan ərəb ölkələri ilə sıx məsləhətləşmələr aparmalı, əməkdaşlığı genişləndirməlidir. Məqsəd Pakistanın tək və əliyalın qalmamasını təmin etmək, arxa cəbhədə dəstək mexanizmləri qurmaq və zərurət yaranacağı halda koordinasiyalı şəkildə hərəkət etməkdir".

T.Abbasov qeyd edir ki, bu məsələ son dərəcə ciddi və həssasdır. Onu düzgün qiymətləndirməmək ağır nəticələrə gətirib çıxara bilər. Çünki İslam dünyasının içinə nifaq salmaq, qardaş xalqları bir-birinə qarşı qoymaq son dərəcə təhlükəli ssenaridir. Halbuki bu xalqlar arasında real və dərin ziddiyyətlər yoxdur, əksinə müəyyən anlaşma və İslam həmrəyliyi mövcuddur. Lakin məqsəd məhz bu birliyi parçalamaqdır:

"Buna görə də proseslərin əvvəlindən düzgün mövqe tutulmalı, dostla düşmən aydın şəkildə müəyyən edilməlidir. Xüsusilə Pakistan və Əfqanıstan öz strateji resurslarını lazımsız qarşıdurmalara və müharibələrə sərf etməməli, vəziyyəti soyuqqanlı və ağıllı şəkildə idarə etməlidirlər".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

01 Mart 2026