• Bakı C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Pakistan-Əfqanıstan qarşıdurması: Regional güc rəqabəti fonunda yeni böhran

DÜNYA

02 Mart 2026 | 09:59

Pakistan-Əfqanıstan qarşıdurması: Regional güc rəqabəti fonunda yeni böhran

Pakistanın Əfqanıstana rəsmi müharibə elan etməsi Cənubi Asiyada onsuz da kövrək olan təhlükəsizlik balansını daha da sarsıdıb. Durand xətti boyunca illərdir davam edən qarşılıqlı ittihamlar və sərhəd insidentləri bu dəfə açıq hərbi mərhələyə keçib.

Hadisələr yalnız iki qonşu dövlətin münasibətləri çərçivəsində deyil, daha geniş regional güc rəqabəti kontekstində müzakirə olunur. Xüsusilə Pakistanın nüvə statusu və Əfqanıstanın coğrafi-strateji mövqeyi vəziyyəti beynəlxalq səviyyədə diqqət mərkəzinə çıxarıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Pakistanın bu addımı emosional reaksiya deyil, uzun müddətdir yığılan təhlükəsizlik narahatlıqlarının kulminasiyası kimi görünür. İslamabad üçün əsas məsələ sərhəd təhlükəsizliyi və dövlət daxilində separatçı risklərin qarşısının alınmasıdır. Onun sözlərinə görə, müharibə elan edilməsi həm daxili auditoriyaya, həm də regional aktorlara mesaj xarakteri daşıyır:

“Bu, Pakistanın sərt güc tətbiq etməkdən çəkinmədiyini nümayiş etdirmək üçündür. Eyni zamanda bu qərar Əfqanıstan rəhbərliyinə təzyiq mexanizmi kimi də istifadə olunur. Strateji baxımdan isə bu, qısa müddətli hərbi üstünlük əldə etmək cəhdidir, lakin uzunmüddətli sabitlik zəmanəti vermir”.

Müsahibimiz qeyd edib ki, texniki və institusional baxımdan üstünlük aydın şəkildə Pakistan tərəfdədir. Onun müasir hava qüvvələri, zirehli texnikası və nüvə potensialı əsas rol oynayır. Əfqanıstan isə daha çox asimmetrik müdafiə və coğrafi üstünlük üzərində qurulmuş strategiyaya arxalanır. Dediyinə görə, dağlıq relyef klassik ordu əməliyyatlarını çətinləşdirir və müharibəni uzada bilər. Bu isə Pakistan üçün hərbi qələbəni siyasi nəticəyə çevirməyi mürəkkəbləşdirir. Tarix göstərib ki, Əfqanıstanda sürətli hərbi üstünlük həmişə dayanıqlı nəzarət demək olmayıb.

“Böyük güclərin bu qarşıdurmada rolu nə ola bilər? Münaqişə regional çərçivədən çıxa bilərmi” sualını cavablandıran politoloq bildirib ki, hazırkı mərhələdə böyük güclər birbaşa hərbi müdaxilədən yayınmağa çalışırlar. Onların əsas prioriteti regionda nəzarətsiz eskalasiyanın qarşısını almaqdır. Bununla belə, geosiyasi rəqabət faktorunu tam kənara qoymaq olmaz. Enerji marşrutları, Çin-Pakistan iqtisadi dəhlizi və Hindistan faktoru prosesə dolayı təsir göstərir.

Züriyə Qarayeva: Tərəflər danışıqlar mexanizminə qayıtmazsa, qarşıdurma xroniki təhlükəsizlik probleminə çevrilə bilər

Həmsöhbətimizə görə, əgər qarşıdurma genişlənərsə və üçüncü tərəflər açıq şəkildə mövqe tutarsa, regional münaqişə daha böyük təhlükəsizlik böhranına çevrilə bilər. Amma qlobal müharibə ssenarisi hazırkı reallıqda aşağı ehtimal kimi qiymətləndirilir.

Münaqişənin humanitar və siyasi nəticələrinə gəlincə, Z.Qarayeva hesab edir ki, qısa müddətdə sərhəd bölgələrində humanitar vəziyyətin pisləşməsi mümkündür. Onun sözlərinə görə, daxili köç və iqtisadi aktivliyin zəifləməsi hər iki ölkədə sosial təzyiqi artıracaq. Pakistan üçün risk daxili sabitliyin sarsılması, Əfqanıstan üçün isə beynəlxalq təcridin dərinləşməsidir. Müharibə uzandıqca siyasi legitimlik məsələsi də aktuallaşacaq:

“Əgər tərəflər danışıqlar mexanizminə qayıtmazsa, qarşıdurma xroniki təhlükəsizlik probleminə çevrilə bilər. Ən rasional çıxış yolu hərbi fazanın nəzarətdə saxlanılması və diplomatik kanalların açıq qalmasıdır”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

01 Mart 2026