Almaniyada yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasitəsi ilə zərərçəkmişlərə hədə-qorxu gəlməkdə, onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror, Qönçə Məmmədovanın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti məhkəmə prosesi martın 16-na təyin edilib.
Qeyd edək ki, 55 yaşlı Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.
Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat pulu sələmə verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.
İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.
Təqsirləndirilən şəxs həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.
Zərərçəkmiş xanımlar şikayətlərində yazıblar ki, Qönçə Məmmədova onlara yutub və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib.
Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.
Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib. Digər zərərçəkmiş F.Fərzəliyevanın şikayətinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.
Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqda məlumatları da Qabilə göndərib ki, bu yolla onlara təsir etsin. Dediyinə görə, daha əvvəl G.Quliyeva barədə polisə şikayət edib. O, Qabil Məmmədovun xalası oğlu olmadığını, onunla digər şəxsin vasitəsilə tanış olduğunu bildirib.
Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib.
Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.
Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib.
Bakı 




