“ABŞ-nin həm Ermənistan, həm Azərbaycanla strateji tərəfdaşlıq xartiyaları imzalaması qlobal geosiyasətdə Cənubi Qafqazın oynadığı rolun və bu məkanın Ağ Ev tərəfindən necə qiymətləndirilməsinin göstəricisi hesab oluna bilər”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə. strateji tərəfdaşlıq xartiyalarının imzalanması o deməkdir ki, ABŞ Cənubi Qafqazı özünün “həyati maraqları” dairəsinə aid olan qlobal geosiyasi məkan kimi, enerji və tranzit mərkəzi baxır və bu məkanda öz siyasətini Ermənistanla Azərbaycan üzərində qurur:
“ABŞ uzun müddət Cənubi Qafqazda öz siyasətini Gürcüstan üzərindən qurmağa çalışsa da buna müvəffəq ola bilməyib. Hazırda ABŞ regiondakı prioritetlərini yenidən nəzərdən keçirməklə qlobal rəqabətdə üstün mövqe qazandı və eyni zamanda Cənubi Qafqazda Rusiya və İranın mövqelərini və təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdi, Çinin regiona daxil olmasının qarşısını almaq üçün preventiv tədbirlər gördü. ABŞ-nin Vitse-prezident Ceyms Devid Vensin səfəri də regionumuzda geosiyasi balansı dəyişməklə bütövlükdə Cənubi Qafqaz üçün sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu. Ümumregional aspektlə yanaşı ölkəmiz üçün də bir neçə istiqamət üzrə faydalı oldu”.

Qulamhüseyn Əlibəyli: Zəngəzur dəhlizi regionda qalıcı sülhə xidmət edən həlledici amil kimi qiymətləndirilməlidir
Siyasi şərhçinin sözlərinə görə, ABŞ Zəngəzur dəhlizinin işə düşməsinin sürətlənməsində, energetika, müdafiə, təhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıqda maraqlıdır:
“Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirə sadəcə bir marşrut kimi deyil, bütövlükdə türk dünyasını, Avropanı Asiya ilə birləşdirən nəqliyyat kommunikasiya qovşağı, Cənubi Qafqazın geosiyasi taleyini müəyyən edən, regionda qalıcı sülhə xidmət edən, təhlükəsizliyə təminat verən həlledici amil kimi qiymətləndirilməlidir”.
Müsahibimiz qeyd edib ki, bundan başqa, müdafiə sənayesi və terrorizmlə mübarizə, müasir çağırışlara cavab verən süni intellekt sahələrində yeni əməkdaşlıq mexanizmlərinin müzakirəyə çıxarılması ölkəmizin milli təhlükəsizlik mexanizminin möhkəmlənməsinə və rəqəmsal transformasiya prosesinin sürətlənməsinə gətirib çıxaracağı şübhə doğurmur.
Aydın Baxış
Bakı 




