"Sosial şəbəkədə ağıllı, vicdanlı izləyicilər qaldırdığım problemləri təmkinlə müzakirə edir, sağlam fikirlərini yazırlar. Bir sıra namussuz və pozğun ünsürlər də özlərindən iqtibas başlıqları düzəldib əleyhimə qaragüruhçuları necə yönləndirmək barədə fürsət axtarırlar. Yenə də alınmır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa boşanmalarla bağlı bu gün səsləndirdiyi fikirlərdən sonra aparılan mübahisələrə cavab olaraq deyib.
"Ağlı başında olan adamlar əgər bircə cümləmə hansısa məntiqli irad bildirsələr, minnətdar olaram. Milli Məclisdə səsləndirdiyim fikirlər ciddi mənbələrə dayanmasa, qətiyyən dilə gətirmərəm. Boşanmalar bu gün ölkənin ən ciddi sosial və demoqrafik problemlərdən biridir. On minlərlə insan faciəli həyata qədəm qoyur. Mediasiya şurası, vəkillər, hakimlər və qəbul etdiyim insanlardan, eləcə də rəsmi statistik bilgilərdən istifadə edərək problemə diqqət yönəltməyə çalışmışam. Məsuliyyətsiz, ailəyə xəyanət edən, narkomaniyaya aludə olmuş, yaxud şiddətə baş vuran kişilərin günahı ucbatından boşanmağa məcbur qalmış iffətli qadınlarımızın da hüquqlarını hər zaman qoruyuruq. Eyni zamanda yüksək maaşdan aliment almaq, birgə mülkiyyətdən pay almaq, sərbəst həyat sürmək niyyəti ilə boşanmağa çalışan bəzi qadlnların da günahını qeyd etməyimdə ancaq bu cür niyyət daşıyıcısı olan məxluqlar qəbahət axtara bilərlər. İndi lütfən “Yeni Musavat”da yer alan çıxışımın mətnini oxuyun və orada-burada barəmizdə tərbiyəsizlik edənlərin niyyətini bir daha anlayın", - deyə deputat bildirib.
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən komitə sədri Fazil Mustafa Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı ölkədəki ciddi problemlərdən birinə diqqət çəkib.
Ombudsmanın məruzəsini dəstəkləyən deputat ardınca təəssüflə qeyd edib ki, ölkədə nikah və boşanma statistikası ürəkaçan deyil:
“Son 9 ay ərzində 40 min nikah qeydə alınıb, onlardan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyət daha narahatedicidir. Qeydə alınan nikahların təxminən 56 faizi qısa müddət ərzində boşanma ilə nəticələnir. Hər 100 nikahın 56-sı pozulur. Bu isə olduqca ciddi sosial problemdir. Boşanma prosesində aliment məsələsi də ciddi müzakirə mövzusudur. Bir çox hallarda məsuliyyət əsasən kişi tərəfin üzərinə qoyulur və aliment öhdəliyi müəyyən edilir. Eyni zamanda, iddialar var ki, bəzi hallarda ailə qurulduqdan və övlad dünyaya gəldikdən sonra məqsədli şəkildə boşanma təşəbbüsü irəli sürülür və aliment əldə etmək əsas motivə çevrilir”.
F.Mustafanın fikrincə, bu kimi hallarda məhkəmələrin daha obyektiv və hərtərəfli araşdırma aparması vacibdir:
“Ailənin dağılmasının səbəbləri düzgün qiymətləndirilməli, aliment məsələsində ədalət prinsipi əsas götürülməlidir. Çünki ailə münaqişələrində səbəbkarın müəyyənləşdirilməsi hər zaman asan olmur və maddi maraq faktoru bəzən prosesə təsir göstərə bilir”.
Bakı 




