"Azərbaycan son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edib. Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır".
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, enerji əməkdaşlığı Azərbaycanın valyuta gəlirlərinin artmasına da imkan yaradır:
"Bu il Azərbaycanın neft-qaz satışından xalis gəlirinin 8.5 milyard manat olacağı proqnozlaşdırılır. Bu ilin əvvəlinə Dövlət Neft Fondunun aktivləri 22,5% artaraq 73.5 milyard dollara çatıb. Fondun investisiya portfeli üzrə toplam gəlirliyi isə artaraq 6.2 faizə çatıb.
Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2027-ci ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Bu o deməkdir ki, növbəti mərhələdə Azərbaycan yalnız ənənəvi resursları deyil, həmçinin innovativ enerji məhsulları ilə də Avropaya bazarına daxil olacaq".
Bakı 




