Azərbaycanda bank və digər maliyyə qurumlarında hesab açılması prosesi ilə bağlı mühüm yenilik qüvvəyə minib. Mərkəzi Bankı sədri Taleh Kazımov tərəfindən təsdiqlənən yeni qaydaya əsasən, 30 mart 2026-cı ildən etibarən vətəndaşlar artıq maliyyə qurumlarında hesabları məsafədən, yəni fiziki olaraq banka getmədən aça biləcəklər.
Vətəndaş evində oturaraq identifikasiyadan keçib “müştərini tanı” qaydalarına əməl etməklə prosesi məsafədən həll edə biləcək.
Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı Vüsalə Əhmədova Musavat.com-a şərhində bildirib ki, bu qərarı Azərbaycanda bank sektorunu ənənəvi filial bankçılığından rəqəmsal bankçılığa doğru sürətlə aparan əsas addımlardan biri hesab etmək olar: “Yeni qaydalara əsasən görünən odur ki, vətəndaşların artıq bank filialına getmədən onlayn formada və ya mobil tətbiq vasitəsilə bank hesabları, depozit hesabı və ya investisiya hesabı açmaları mümkün olacaq. Azərbaycanda hesabların məsafədən açılmasına icazə verilməsinin maliyyə sektorunda ciddi dəyişikliklər yarada biləcəyini düşünürəm. Bu yeniliyin həm vətəndaşlar, həm də bank sektoru üçün mühüm üstünlükləri var. İlk növbədə, bu dəyişikliklər bank xidmətlərini daha sürətli və əlçatan edəcək. Artıq banka getmək, növbə gözləmək lazım olmayacaq. Telefon və ya kompüter vasitəsilə bir neçə dəqiqəyə hesab açmaq mümkün olacaq. Xüsusilə, regionlarda yaşayan insanların və ya xaricdə olan vətəndaşlarımızın hesab açması xeyli asanlaşacaq. Məsələn, bank filialı olmayan və ya az olan bölgələrdə yaşayan insanlar rahat şəkildə bank xidmətlərindən istifadə edə biləcəklər. Eləcə də xaricdə olan vətəndaşlarımız Azərbaycanda bank hesabı açmaq üçün ölkəyə gəlməyə məcbur olmayacaqlar. Beləliklə, bank müştərilərinin sayında xeyli artım olacağını düşünürəm”.
Ekspertin qənaətincə, əgər proses tam rəqəmsal işləsə, xaricdə yaşayan azərbaycanlılar və ya ölkədə biznes qurmaq istəyən xarici şəxslər daha rahat bir çox bank xidmətlərindən istifadə edə biləcəklər: “Bu da ölkənin maliyyə sisteminə əlavə kapital gətirə bilər. Həmçinin, bu yenilikdən sonra Azərbaycanda filialsız bank modelləri və ya demək olar ki, tam rəqəmsal bankçılıq ortaya çıxa bilər. Məsələn, əgər hesab açmaq, eləcə də bir çox xidmət onlayn olacaqsa, bəzi filiallara ehtiyac qalmaya bilər. Çox sayda filialın açılmasına ehtiyac olmayacağı üçün filialların saxlanması, işçi sayı və digər əməliyyat xərcləri azalacaq. Bu proses artıq bir çox ölkədə baş verib. Dünyada bir çox bank var ki, demək olar bütün xidmətlərini mobil tətbiq üzərindən təqdim edir. Ayrıca, bu dəyişiklik fintech startaplarının inkişafını sürətləndirə bilər. Rəqəmsal identifikasiya sistemləri açıq olduqca fintech şirkətləri daha rahat fəaliyyət göstərə biləcəklər. Məsələn, dünyada "Stripe" və "Wise" kimi məşhur fintech nümunələri mövcuddur. Bu platformalar bank xidmətlərini daha sürətli edir, lakin komissiyaları kifayət qədər aşağı olur”.
Bakı 




