• Bakı 24° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – ARAŞDIRMA

CƏMİYYƏT

04 Sentyabr 2026 | 16:00

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – ARAŞDIRMA

Dərslərin başlamasına sayılı günlər qalıb. İndi hər bir ailəni bir məsələ qayğılandırır: övladlarımızı məktəbə necə yola salacağıq? Çoxuşaqlı ailələrin qayğısı isə daha çoxdur, çünki onlar daha çox məktəb alış-verişləri etməli olacaqlar ki, bu da əlavə vəsait deməkdir. Biz də bu məsələdən yola çıxaraq, paytaxt sakinlərinə “Məktəb alış-verişi neçəyə başa gəlir, valideynlər hara üz tuturlar?” suallarını ünvanladıq. 

“Şərq” qəzetinin əməkdaşı Şəymən Bayramova Bakıvaxtı.az-a bildirdi ki, mağazalarda qiymətlər fərqlidir. Xüsusilə geyim və çanta alarkən materialına, keyfiyyətinə hətta firmasına görə qiymətlər ciddi şəkildə dəyişir:

“Oğlumun məktəb alış-verişini əsasən Yasamal ərazisindəki mağazalardan edirəm. Deməzdim hər şey bahadır, münasib qiymətə də seçimlər etmək mümkündür. Amma ucuz qiymətə alınan geyimlər, vəsaitlər dərs vaxtı tez korlanır. Buna görə, valideynlər baha da olsa, yaxşı material, keyfiyyətli məhsul almağa üstünlük verir ki, ilin ortasında yenidən geyim axtarışına çıxmasın”.  

Hələ çanta və ayaqqabı almadığını qeyd edən həmkarımız diqqətə çatdırıb ki, buna qədər geyim, dəftər-qələm və digər məktəb ləvazimatlarına təxminən 130 manat xərcləyıb:

“Ümumilikdə bir uşağın məktəb hazırlığının 300 manata yaxın başa gələcəyini düşünürəm. Çünki bunun üzərinə 4 fənn üzrə iş dəftərləri və əlavə dərs vəsaitlərinin xərci də gələcək. Məktəb alış-verişi  göründüyündən daha çox xərc tələb edir. Yəqin ki  2-3 məktəblisi olan ailələrin  durumu daha ağırdır”.

Əcəmi Naxçivani 9 ünvanında yaşayan digər paytaxt sakini Xəzangül Qasımova da qeyd edib ki, 2 oğlan nəvəsi üçün məktəb alış-verişi edib:

 “Gənclik Mall” və ya “28 Mall”a da baxmışıq. Evin ətrafındakı mağazalara da üz tutmuşuq. Axtarırıq, baxırıq, harada ucuz və keyfiyyətli varsa, alırıq. Gərək büdcəyə uyğun davranaq. Məktəb alış-verişinə iyuldan başlamışıq. Çünki dərs vaxtı yaxınlaşanda həm sıxlıq olur, həm də qiymətlər süni şəkildə bahalaşdırılır. Bir şagird üçün təxminən 350 manat xərcləmişik, dərslər başlayanda da 50 manata yaxın pul çıxır. Ümumilikdə təxminən 400 manat edir. Mən və yoldaşım təqaüd alırıq, oğlum da çalışır. Düzdür, çatdırırıq, amma çətinliklə...”.

Xırdalan sakini Elmizər Abdullayeva da bildirib ki, bəzi geyim və məktəb ləvazımatını “Mall”lardan, bəzilərini Xırdalandakı mağazalardan alıb, bəzilərini isə onlayn mağazalardan sifariş edib:

“2 qız övladım var. Biri bu il birinci sinfə gedəcək. Yeni başlayan üçün xərc daha çox çıxır, çünki sıfırdan başlayır. « Mall»lardan ayaqqabı və çantalar alırıq, çünki onlar daha dözümlü olur. Uyğun olanda məktəbli geyimləri də alırıq. Bəzən ölçü tapa bilmirik. Bakı Tikiş Evinin də məhsullarını əldə edirik. Burada məsələ belədir: ucuz alanda bir dəfə yuyan kimi rəngi qaçır, bundansa, nisbətən baha, lakin dözümlü olanı almaq lazımdır. Bu da zaman və pul tələb edir. 2 uşaq üçün 700-800 manat yetərlidir, Azərbaycanda orta aylıq əməkhaqqını nəzərə alanda bu, böyük rəqəmdir".  

Nizami rayon Keşlə qəsəbəsində yaşayan digər paytaxt sakini Lətafət Mehdiyeva da qiymətlərdən şikayətlənir:

"İki qız, 1 oğlan olmaqla  üç övladım var. Mən evdar xanımam, ailədə yalnız həyat yoldaşım işləyir, 3 uşağa isə 1000 azn-dən çox vəsait lazımdır. Düzdür, alırıq, amma bu, ailədə sosial çətinlik yaradır. Geyimləri yaşadığımız ünvandakı mağazalardan, bəzən eşidirik ki, filan mağazada ucuz və keyfiyyətlidir, ora üz tuturuq. Ümumilikdə, məktəb alış-verişi ailələr üçün baha başa gəlir".   

Jurnalist İsmayıl Qocayev də bu il 1-ci sinifə gedəcək övladı üçün məktəb alış-verişi edib:  

"Qız övladımıza məktəbli forması seçdik. Daha sonra digər zəruri ləvazimatları aldıq. Ətəyin qiyməti - 23 manat, qolu qısa və uzun olmaqla iki köynək isə ümumilikdə 30 manat idi. Jaketin dəyəri 23, şalvarınkı isə 29 manat idi. Məktəb çantaları daha bahadı, qiyməti 40-80 manat civarındadır. Ayaqqabı da 25-30 manatdır. Əlavə olaraq termos, corablar, saç aksesuarları ümumilikdə təxminən 30 manatdan çox tutur. Sadəcə geyim aksesuarlarından bəhs edirəm. İş dəftəri, “Həyat bilgisi” kitabını da özümüz əldə etməliyik. Yəni hardasa 250 manatdan artıq məbləğ tələb olunur. Nəzərə alaq ki, bunlar sadəcə bir məktəbli üçündür”. 

Aydın Baxış  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026