• Bakı C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Digahın yol problemi: Aidiyyəti qurumlar hara baxır?

CƏMİYYƏT

25 Yanvar 2026 | 22:52

Digahın yol problemi: Aidiyyəti qurumlar hara baxır?

Digah qəsəbəsinin Şah İsmayıl Xətai küçəsində yağışlı hava şəraiti hər dəfə eyni mənzərəni ortaya çıxarır. Keçilməz yollar, iri gölməçələr və gündəlik həyatı iflic edən ciddi infrastruktur problemi. Görüntülərdən də aydın olur ki, küçələr asfaltı yox, palçıq, çala-çuxur və su ilə dolu ərazini xatırladır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı XəzərNews.az-a sakinlər tərəfindən müraciət ünvanlanıb.

Sakinlərin sözlərinə görə: hər yağışdan və qardan sonra yollar tamamilə yararsız vəziyyətə düşür. Nə avtomobillərin rahat hərəkəti mümkündür, nə də piyadaların təhlükəsiz gediş-gəlişi təmin olunur. Xüsusilə gecə saatlarında yaranan dərin gölməçələr həm sürücülər, həm də əraziyə daxil olan təcili yardım və digər operativ xidmət maşınları üçün ciddi təhlükə yaradır.

Bu halda sual yaranır: Digah bələdiyyəsi mövcud vəziyyətdən xəbərsizdir, yoxsa problemdən xəbərdar olub susmağa üstünlük verir? Axı söhbət bir-iki günün problemi deyil, illərdir həllini tapmayan yol və drenaj çatışmazlığından gedir. Yağış sularının axıdılması üçün elementar infrastrukturun olmaması idarəetmədəki ciddi boşluqları açıq şəkildə ortaya qoyur.

Eyni zamanda, Abşeron rayonu üzrə məsul icra strukturlarının da bu məsələyə münasibəti anlaşılmaz olaraq qalır. Qəsəbə sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildirsələr də, indiyədək real və davamlı nəticə müşahidə olunmur. Görünən odur ki, problem yalnız sosial şəbəkələrdə və mediada işıqlandırıldıqdan sonra gündəmə gəlir.

Digah XXI əsrdə, paytaxta yaxın bir ərazi olsa da, burada yollar müasir yaşayış məntəqəsini deyil, sanki kənd təsərrüfatı sahəsini xatırladır. Sakinlər isə haqlı olaraq sual edir: bu ərazi nə vaxta qədər diqqətdən kənarda qalacaq?

Ümid edək ki, yayımlanan görüntülər Digah bələdiyyəsini və əraziyə cavabdeh qurumları hərəkətə gətirəcək və problem növbəti yağışı gözləmədən konkret və real addımlarla öz həllini tapacaq.


SON XƏBƏRLƏR

25 Yanvar 2026
24 Yanvar 2026