2025-ci il 1 – 5 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dil bilikləri üzrə Ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.
Bu barədə Bakıvaxtı.az-a DİM-dən bildirilib.
İmtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə həyata keçirilib. Danışıq bloku üzrə imtahanda iştirak etməli olan 2144 nəfərdən 2027-si imtahana gəlib.
Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 15 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.
Xarici dil üzrə ümumi imtahan nəticələrinin 4 həftədən sonra elan olunması nəzərdə tutulur.
Eyni zamanda, Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.