“Doğuşdan dərhal sonra pəhriz saxlamaq doğru və sağlam yanaşma deyil. Doğuşdan sonrakı dövr, yəni postpartum dövr qadın bədəni üçün həm fiziki, həm də psixoloji baxımdan çox həssas və incə bir mərhələdir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da mama-ginekoloq Flora Hüseynova açıqlayıb.
Onun sözlərinə görə, bu dövrdə əsas prioritet bədənin sağalması, enerji balansının bərpası və körpəyə baxmaq üçün ananın güclü olması, sürətli şəkildə arıqlamaq və ya əvvəlki bədən ölçüsünə qayıtmaq deyil:
“Əvvəla, doğuşdan sonra qadın orqanizmində ciddi dəyişikliklər baş verir. Qan itkisi, hormon dəyişiklikləri, yuxusuz gecələr, südvermə və ümumi yorğunluq – bunların hamısı bədəni əlavə yük altına salır. Belə bir dövrdə kalori və qida qəbulu məhdudlaşdırılsa, nəticədə anemiya, halsızlıq, immun sistemin zəifləməsi, südün miqdarının və keyfiyyətinin azalması kimi fəsadlarla qarşılaşmaq mümkündür. Xüsusilə körpəsini əmizdirən analar üçün qidalanma daha da önəmlidir. Çünki ana südü körpənin tək qidasıdır və bu südün keyfiyyəti, miqdarı birbaşa ananın yediyi yeməklərdən və qəbul etdiyi mayedən asılıdır. Sürətli arıqlamaq üçün tətbiq olunan az kalorili, balanssız pəhrizlər süd istehsalını azalda bilər, nəticədə körpə kifayət qədər qida ala bilməz və inkişafda geriləmələr yarana bilər”.
F.Hüseynova bildirib ki, qadınların doğuşdan dərhal sonra arıqlamaq istəyi, çox zaman cəmiyyətin yaratdığı təzyiqlərlə və ya sosial şəbəkələrdə gördükləri “tez forma qayıdan analar” obrazları ilə əlaqəlidir:
“Amma unudulmamalıdır ki, hər bir bədən fərqlidir və doğuşdan sonrakı bərpa prosesi zaman və səbirlə aparılmalıdır. Qısa müddətdə sürətli çəki itkisi uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs nə etmək lazımdır? Doğuşdan sonrakı ilk 6 həftə – yəni, “postpartum adaptasiya dövrü” əsasən bədənin sağalmasına həsr olunmalıdır. Bu mərhələdə qadın balanslı və müxtəlif qidalarla qidalanmalı, bol maye qəbul etməli, özünü yormamalı, amma bədənini dinləyərək, yüngül fiziki fəaliyyətlərə başlayacaq qədər də aktiv qalmalıdır. Gəzintilər, nəfəs məşqləri və sadə ev hərəkətləri həm bədəni hərəkətə gətirir, həm də emosional rahatlama verir”.
Mama-ginekoloq qeyd edib ki, bu, doğuşdan sonra qidalanmanın önəmsiz olduğu anlama gəlməməlidir:
“Əksinə – sağlam və balanslı qidalanma olduqca vacibdir. Amma məqsəd “arıqlamaq” deyil, “sağlam qalmaq”, “güclü olmaq” və “körpəni dəstəkləmək” olmalıdır. Doğru qidalanma və tədricən artan fiziki aktivlik nəticəsində artıq çəkilər zamanla – sağlam şəkildə – yox olacaq”.