• Bakı 26° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Sertifikasiya dilemması: Məhkəməyə üz tutan, maaşı artırılan müəllimlər

CƏMİYYƏT

04 Sentyabr 2025 | 11:46

Sertifikasiya dilemması: Məhkəməyə üz tutan, maaşı artırılan müəllimlər

Bu ilin iyun ayında keçirilən müəllimlərin təkrar sertifikasiyası imtahanında iştirak edən bir qrup müəllim məhkəməyə üz tutub. İmtahandan kəsilən və buna görə işdən çıxarılan 10-a yaxın müəllim Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Ölkənin müxtəlif regionlarından olan müəllimlər Elm və Təhsil Nazirliyindən, həmçinin regional təhsil idarələrindən işə bərpa edilməyi tələb ediblər.

Bəs görəsən, sertifikasiyadan kəsilən müəllimlərə güzəşt tətbiq oluna bilərmi? Ümumiyyətlə, müəllimlər arasında sertifikasiya imtahanının keçirilməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, sertifikasiya imtahanının keçirilməsinin müsbət təsirləri mövcuddur:

"Hər zaman sertifikasiya ilə bağlı fərqli müzakirələr mövcud olub. İlk baxışda cəmiyyət və müəllimlər sertifikasiya imtahanını müsbət qarşılamamışdılar. Lakin maaşın artırılması, müəllim nüfuzunun cəmiyyətdə artması baxımından bu imtahanın faydaları var. Sertifikasiya imtahanına cəlb olunmuş şəxslər ilkin nəticədə lazımi balı toplamadıqda onlara əlavə olaraq 1 illik möhlət verilir. Həmçinin bu müəllimlər üçün xüsusi kurslar təşkil olunur. Müəllimlər əlavə məşğələlərlə iştirak etməklə, öz biliklərini qismən artıra bilirlər. 1 illik möhlət dövründə özünü doğrulda bilməyən müəllimlər isə vəzifəsindən xaric edilir".

İmtahandan kəsilən müəllimlərin məkhəməyə müraciət etməsinə gəlincə, ekspert bunun vətəndaşların konstitusion hüququ olduğunu qeyd edib. Dediyinə görə, əgər şəxs sertifikasiya imtahanında ona qarşı hər hansısa haqsızlığın olduğunu sübut edərsə, bu halda yenidən müəllim kimi fəaliyyətini  davam etdirəcək.

Məzahir Məmmədli: Ümumilikdə sertifikasiya ilə bağlı fikir fərqlidir

Həmsöhbətimiz onu da deyib ki, bu gün xüsusilə region müəllimləri arasında bir qədər qruplaşmalar var:

“Bu qruplaşmalar sertifikasiyanın sistem olaraq uğurlu olmadığını təbliğ edirlər və Azərbaycana tətbiqini düzgün saymırlar. Lakin ümumilikdə sertifikasiya ilə bağlı fikir fərqlidir. Cəmiyyətin böyük hissəsi düşünür ki, övladlarımıza biliyi və bacarığı olan müəllimlər dərs keçməlidir. Sertifikasiya bunu təyin etmək üçün yeganə vasitədir".

M.Məmmədli əlavə edib ki, sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərin maaşında 30 faiz artım olur. Ona görə də müəllimlər daha yüksək bal toplayaraq, daha artıq əməkhaqqı almaq üçün mübarizə aparırlar.

Xatırladaq ki, iyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 Sentyabr 2025