Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə bir siyasi hadisə deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində yeni bir liderlik modelinin qəbul edildiyini göstərən mühüm mesajdır.
Bu mükafat hərbi qarşıdurmadan sonra dayanıqlı sülh yaratmağı bacaran dövlət iradəsinin və məsuliyyətli siyasi yanaşmanın qlobal miqyasda qiymətləndirilməsidir.
Müasir dünyada müharibə qazanmaq artıq təkbaşına siyasi uğur sayılmır. Əsas məsələ münaqişədən sonrakı mərhələdə yaranan reallığı necə idarə etmək və onu uzunmüddətli sabitliyə çevirmək bacarığıdır. Azərbaycan məhz bu mərhələdə fərqli yol seçdi. Güc balansına əsaslanan ritorika əvəzinə hüquqa, dialoqa və regional əməkdaşlığa söykənən bir yanaşma ortaya qoyuldu. Bu, qalib dövlətin məsuliyyətli davranışının nümunəsi kimi qəbul edildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasi xətt göstərdi ki, sülh təşəbbüsü zəiflik deyil, əksinə, strateji üstünlüyün davamıdır. Azərbaycan münaqişədən sonra revanşist emosiyalara qapılmadı, qarşı tərəfi siyasi və hüquqi reallıqları qəbul etməyə dəvət etdi. Bu çağırış tədricən beynəlxalq ictimaiyyət tərəfindən də rasional və ədalətli mövqe kimi dəyərləndirildi. Nəticədə sülh prosesi birtərəfli güzəştlər üzərində deyil, qarşılıqlı öhdəliklər və beynəlxalq hüququn prinsipləri əsasında formalaşdı.
Şeyx Zayed Fondunun bu mükafatı məhz həmin yanaşmanı önə çıxarır. Fondun fəlsəfəsi humanizm, birgəyaşayış və münaqişələrin dinc yolla həlli üzərində qurulub. Bu baxımdan Azərbaycanın seçdiyi yol yalnız regional deyil, universal dəyər daşıyıcısı kimi təqdim olunur. Burada söhbət konkret bir coğrafiyadan yox, münaqişələrin necə idarə olunmalı olduğuna dair ümumi modeldən gedir.
Bu mükafat eyni zamanda Cənubi Qafqazın gələcəyinə dair mühüm mesajdır. Region artıq daimi qarşıdurma məkanı kimi deyil, əməkdaşlıq və inteqrasiya imkanları olan bir məkan kimi təqdim olunur. Azərbaycan öz təşəbbüsləri ilə nəqliyyat, logistika və enerji sahələrində yeni perspektivlər açaraq sülhün iqtisadi əsaslarını da formalaşdırır. Çünki real sülh yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı maraqlara söykənən layihələrlə möhkəmlənir.
Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi həm də Azərbaycanın beynəlxalq imicində keyfiyyətcə yeni mərhələnin göstəricisidir. Ölkə artıq yalnız hərbi gücü və resursları ilə deyil, böhran sonrası idarəetmə təcrübəsi və sülh quruculuğu bacarığı ilə tanınır. Bu, qlobal miqyasda etimad yaradan və gələcək diplomatik təşəbbüslər üçün ciddi baza formalaşdıran amildir.
Nəticə etibarilə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidentinə təqdim olunması bir şəxsin təltifindən daha geniş məna daşıyır. Bu hadisə sübut edir ki, müasir beynəlxalq sistemdə güclü olmaq münaqişə yaratmaqla deyil, münaqişəni ədalətli və davamlı sülhlə əvəz etmək bacarığı ilə ölçülür. Azərbaycanın təcrübəsi isə bu baxımdan artıq regional çərçivəni aşaraq qlobal diqqət mərkəzinə çıxıb.
Züriyə Qarayeva
Bakı 



