• Bakı C

    11.99 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Kremlin şərtləri fonunda Cenevrə danışıqları nəticə verəcəkmi? - ŞƏRH

SİYASƏT

19 Fevral 2026 | 10:31

Kremlin şərtləri fonunda Cenevrə danışıqları nəticə verəcəkmi? - ŞƏRH

2026-cı il fevralın 17-də İsveçrənin Cenevrə şəhərində ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Təmaslar BMT-nin Avropa bölməsinin yerləşdiyi Palais des Nations binasında baş tutub. Görüşdə humanitar məsələlər, mümkün atəşkəs mexanizmləri, əsir mübadiləsi və mülki əhalinin təhlükəsizliyi müzakirə olunub.

Tərəflər arasında yekun sənəd imzalanmasa da, diplomatik kanalların davam etdirilməsi və məsləhətləşmələrin növbəti mərhələsinin keçirilməsi barədə razılıq əldə edildiyi bildirilir.

Cenevrə görüşləri real siyasi iradənin formalaşdığı dönüş nöqtəsidir, yoxsa daha çox beynəlxalq ictimaiyyətə ünvanlanmış diplomatik görüntü xarakteri daşıyır?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ, Ukrayna və Rusiya arasında keçirilən üçtərəfli görüşdə ciddi irəliləyiş əldə olunmayıb. Rusiya öz şərtlərini diktə etməkdə davam edir. Son vaxtlar Kreml Vaşinqtona mesaj verir ki, Tramp və Putin arasında əldə olunmuş anlaşmalar icra edilməli və sülh prosesi məhz həmin razılaşmalar əsasında davam etdirilməlidir. Sülh sazişinin də Tramp-Putin anlaşmalarının bazasında hazırlanmalı olduğu vurğulanır.

Politoloqun sözlərinə görə, hazırkı situasiyada Ukrayna Rusiyanın diktə etdiyi şərtləri qəbul etmir. Xüsusilə ərazi məsələlərində rəsmi Kiyev güzəştə getmək niyyətində olmadığını açıq şəkildə bəyan edir:

"Eyni zamanda, Rusiyanın mövcud şəraitdə hərbi faktoru yenidən ön plana çıxardığı müşahidə olunur. Avropa İttifaqının Ukraynanı 2027-ci ilə qədər qismən üzvlüyə qəbul etmək niyyətini açıqlaması Moskva tərəfindən qəbul edilmir və buna müqavimət göstərilir. Rusiyada hesab edirlər ki, Ukraynanın Avropa İttifaqına qismən üzvlüyü gələcəkdə NATO ilə toqquşmaya qədər inkişaf edə biləcək prosesin başlanğıcı ola bilər. Çünki Avropa Bİttifaqına üzv ölkələrin əksəriyyəti eyni zamanda NATO üzvüdür".

Elçin Xalidbəyli: Kreml yalnız öz diktə etdiyi şərtlər çərçivəsində sülh sazişinə razılaşmaq niyyətindədir

Müsahibimiz qeyd edir ki, Ukrayna Avropa İttifaqına qismən üzv qəbul olunacağı halda, Rusiya ilə Ukrayna arasında mümkün növbəti toqquşmalara Avropa İttifaqı ölkələrinin müdaxilə etmə ehtimalı yarana bilər. Bu isə son nəticədə NATO-nun da prosesə cəlb olunması riskini artırar. Məhz buna görə Kreml israrla Ukraynanın NATO və Avropa Birliyinə üzvlük məsələsinin gündəmdən çıxarılmasına yönəlik təzyiqlər göstərməyə çalışır:

"Bununla yanaşı, iyun ayına qədər Rusiyanın Ukraynaya qarşı daha dağıdıcı hərbi əməliyyatlara hazırlaşdığına dair məlumatlar da mövcuddur. Hətta Rusiyanın qüvvə topladığı barədə iddialar səsləndirilir. Əgər bu baş verərsə, Kremlin sülh masasında mövqeyini daha da möhkəmləndirməyə çalışdığı qənaətinə gəlmək mümkün olar".

E.Xalidbəylinin sözlərinə görə, ümumilikdə, hazırkı proseslər Rusiyanın ikili davranışı ilə xarakterizə olunur. Belə görünür ki, Kreml yalnız öz diktə etdiyi şərtlər çərçivəsində sülh sazişinə razılaşmaq niyyətindədir, əks halda razılaşmanın baş tutması çətin görünür. Ukraynanın Rusiyanın irəli sürdüyü şərtlərin əksəriyyətini qəbul etməməsi fonunda İsveçrə danışıqlarının da müsbət nəticə verəcəyi hələlik o qədər də inandırıcı təsir bağışlamır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

18 Fevral 2026