Ermənistan-Azərbaycan sülh sazişi üzrə texniki müzakirələrin intensivləşməsi Cənubi Qafqazda yeni siyasi mərhələnin konturlarını formalaşdırır. Mətn üzərində razılaşmanın yaxınlaşması və Qərb vasitəçilərinin prosesə aktiv cəlb olunması regionda uzunmüddətli təhlükəsizlik modelinin yenidən qurulacağına işarə edir.
Sazişin imzalanması yalnız ikitərəfli münasibətlərin normallaşmasını deyil, həm də regional güc balansının, sərhəd təhlükəsizliyinin və iqtisadi-kommunikasiya əlaqələrinin yeni xəritədə yenidən təsbit olunmasını gündəmə gətirə bilər.
Bu dəyişikliklər Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını hansı istiqamətdə formalaşdıra bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, sülh sazişi imzalandıqdan sonra bu, ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiya-demarkasiyası deməkdir:
"Bu, həm də silahlı insidentlərin yenidən yaranması riskini əhəmiyyətli dərəcədə azaldan əsas maddələrdəndir. Regionda müxtəlif preventiv təhlükəsizlik mexanizmləri, birgə komissiyalar və monitorinq alətləri formalaşa bilər".
Həmsöhbətimiz qeyd edib ki, bu addımlar sülhün bərqərar olmasına ciddi töhfə verəcək:
"Təmаs xəttinin sərhəd xəttinə çevrilməsi təhlükəsizlik rejimini hərbi müstəvidən hüquqi əsaslara keçirir. Bunun nəticəsində xarici aktorların mövqelərində də müəyyən dəyişikliklər müşahidə oluna bilər. Sülh sazişi imzalansa, Rusiya sülhməramlı kontingentinin çəkisinin azalması və mandatının uzadılmasının qeyri-mümkünləşməsi gündəmə gələcək. ABŞ və Avropa İttifaqı kimi Qərb aktorlarının siyasi-normativ təsiri artacaq. Türkiyənin regionun təhlükəsizlik arxitekturasında qanuni şəkildə daha geniş rol alması mümkün olacaq".

Arzu Nağıyev: Regional kommunikasiyaların və nəqliyyat xətlərinin açılması sülh sazişinin əsas elementlərindəndir
Onun sözlərinə görə, bu proses Cənubi Qafqazda təhlükəsizlik modelinin dəyişməsini sürətləndirə bilər:
"Regional kommunikasiyaların və nəqliyyat xətlərinin açılması sülh sazişinin əsas elementlərindəndir. Əgər bu istiqamət açılarsa, Zəngəzur dəhlizi üzrə tranzit xətlərinin təhlükəsizliyi beynəlxalq hüquqi zəmanətlərlə qoruna bilər. Transxəzər və Orta Dəhliz kimi marşrutların strateji əhəmiyyəti daha da artar".
Həmsöhbətimizin fikrincə, region ümumilikdə logistika və təhlükəsizlik baxımından prioritet istiqamətə çevrilə bilər. Mübahisələrin həlli üçün beynəlxalq hüquq mexanizmlərinin tətbiqi mümkün olacaq, güc tətbiqi ehtimalı azalacaq və siyasi dialoq ön plana çıxacaq. Enerji infrastrukturu daha təhlükəsiz şəraitdə fəaliyyət göstərəcək. Xarici investorlar üçün də bu, əlavə inam yaradacaq və bölgəyə sərmayə axınını gücləndirəcək.
"Bir sözlə, həm iqtisadi, həm siyasi baxımdan mühüm addımlar atıla bilər. Sülh sazişi imzalanarsa, Cənubi Qafqaz hərbi qarşıdurma əsaslı təhlükəsizlik modelindən hüquqi əsaslı təhlükəsizlik modelinə keçid edəcək. Bu isə regionda güc balansının daha çox diplomatik və normativ mexanizmlərlə tənzimlənməsinə imkan yaradacaq. Son dövrlərdə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri də bu istiqamətdə müsbət siqnallar verir. Bu aspekt də prosesin mühüm tərkib hissəsi hesab olunur",- deputat açıqlamasını belə yekunlaşdırıb.
Əli Hüseynov
Bakı 




