Cenevrədə İran və ABŞ arasında dolayı nüvə danışıqlarının ikinci raundundan sonra səsləndirilən açıqlamalar Yaxın Şərqdə yeni dinamikanın formalaşdığına işarə edir. İran xarici işlər nazirinin “əsas prinsiplər üzrə razılıq” ifadəsi diplomatik baxımdan mühüm siqnaldır.
Bu, hələ yekun saziş demək deyil, lakin tərəflərin tam qarşıdurma xəttindən nəzarət olunan dialoq mərhələsinə keçdiyini göstərir. Regionda İsrail-İran gərginliyi, Fars körfəzi təhlükəsizlik balansı və qlobal enerji bazarları fonunda bu proses xüsusi diqqət mərkəzindədir.
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Cenevrədə əldə olunan ilkin anlaşma ilk növbədə psixoloji gərginliyi azaldır. Regionda birbaşa hərbi toqquşma ehtimalı müzakirə olunduğu bir vaxtda dialoq faktının özü mühüm siqnaldır. Onun sözlərinə görə, İsrail bu prosesi ehtiyatla izləyəcək və İranın real öhdəliklərinə diqqət yetirəcək:
“Körfəz ölkələri üçün əsas məsələ nüvə proqramının nəzarət mexanizmlərinə tabe olmasıdır. Əgər bu istiqamətdə konkret mexanizm formalaşarsa, hərbi eskalasiya riski azalacaq. Lakin bu, strateji rəqabətin sona çatması anlamına gəlmir”.
Razılaşma mətninin hazırlanmasının çətin olacağı bildirilir. Əsas hüquqi və siyasi maneələrdən danışan politoloq qeyd edib ki, ən böyük hüquqi problem sanksiyaların mərhələli ləğvi və onların geri qaytarılma mexanizmidir. Dediyinə görə, İran təminat istəyəcək ki, gələcək administrasiya sazişdən birtərəfli qaydada çıxmasın:
“ABŞ isə daxili siyasi sisteminə görə uzunmüddətli hüquqi zəmanət verməkdə çətinlik çəkir. Nəzarət və monitorinq prosedurları da ciddi müzakirə mövzusudur. Siyasi müstəvidə hər iki ölkədə sərt mövqe tərəfdarları var. Bu daxili təzyiq razılaşmanın mətnini daha mürəkkəb və çoxqatlı edir”.

Züriyə Qarayeva: İsrail bu prosesi ehtiyatla izləyəcək və İranın real öhdəliklərinə diqqət yetirəcək
Əgər razılaşma əldə olunarsa, bunun İranın region siyasətinə necə təsir edəcəyinə gəlincə, müsahibimiz görə, razılaşma İran üçün iqtisadi nəfəs imkanları yarada bilər. Sanksiyaların yumşalması daxili sosial-iqtisadi sabitliyə təsir göstərəcək. Tehran regional siyasətdə daha çox diplomatik manevr imkanına sahib olacaq. Eyni zamanda, nüvə mövzusunda təzyiq azalarsa, diqqət iqtisadi və enerji əməkdaşlığına yönələ bilər. Lakin İranın təhlükəsizlik arxitekturası və regional təsir strategiyası qısa müddətdə köklü dəyişməyəcək. Sadəcə bu siyasət daha ehtiyatlı və balanslı formada davam etdirilə bilər.
“ABŞ üçün bu proses hansı strateji nəticələr doğura bilər” sualına cavab verən Z.Qarayevanın dediyinə görə, Vaşinqton üçün əsas məqsəd nəzarətsiz eskalasiyanın qarşısını almaqdır. ABŞ paralel olaraq digər qlobal prioritetlərə fokuslanmaq istəyir və Yaxın Şərqdə yeni genişmiqyaslı böhran onun maraqlarına uyğun deyil. Onun fikrincə, razılaşma əldə olunarsa, enerji bazarlarında sabitlik elementi güclənə bilər. Bu, qlobal iqtisadi mühitə də müsbət təsir göstərər. ABŞ regionda hərbi deyil, diplomatik alətlərlə təsir mexanizmini gücləndirməyə çalışa bilər.
“Ancaq bu, İranla rəqabətin bitməsi yox, daha idarəolunan mərhələyə keçməsi demək olacaq. Bu mərhələdə əsas məsələ tərəflərin siyasi iradəsinin davamlı olub-olmayacağıdır. Çünki Yaxın Şərqdə hər bir diplomatik addımın arxasında həm regional, həm də qlobal güc balansı dayanır”, - deyə Züriyə Qarayeva əlavə edib..
Zülfü Məmmədov
Bakı 




