• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Hamiləlikdə bu əlamətlər təhlükəli ola bilər - XƏBƏRDARLIQ

CƏMİYYƏT

18 Fevral 2026 | 15:18

Hamiləlikdə bu əlamətlər təhlükəli ola bilər - XƏBƏRDARLIQ

"Hamiləlik dövründə bəzi hallar təcili tibbi müdaxilə tələb edə bilər və bu zaman ev şəraitində məsləhətlərlə kifayətlənmək doğru deyil".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.

Onun sözlərinə görə, hamiləlik zamanı qanaxma baş verərsə, bu, təcili vəziyyət sayılır:

“Əgər hamiləlik dövründə qanaxma varsa, bu, artıq təcili situasiyadır. Evdə kiminsə tövsiyəsi ilə addım atmaq düzgün deyil. Dərhal həkimə müraciət olunmalıdır”.

Mütəxəssis bildirib ki, erkən mərhələdə ürəkbulanma və qusma normal hal hesab edilsə də, həddindən artıq olduqda müdaxilə tələb olunur:

“İlk dövrdə ürəkbulanma və qusma normaldır. Amma qusma gündə 5-7 dəfədən çox olursa, bu artıq müalicə tələb edir. Belə halda qadın stasionar və ya ambulator şəraitdə nəzarətə götürülməlidir”.

N.Axundova ikinci və üçüncü trimestrdə müşahidə edilən bəzi əlamətlərə də diqqət çəkib:

“Baş ağrısı, halsızlıq, yorğunluq hallarında yüksək dərəcəli anemiya istisna edilməlidir. Buna görə də hamilə qadınlar hər ay rutin olaraq qan analizi verirlər”.

O əlavə edib ki, arterial təzyiqdə dəyişiklik də risk siqnalı ola bilər:

“Əgər əvvəl 110 olan təzyiq 130-140-a qalxırsa, bu bizi narahat edir. Çünki bu, preeklampsiya kimi ağır vəziyyətin əlaməti ola bilər. Baş ağrısı, mədədə yanma, ürəkbulanma və təzyiq dəyişiklikləri varsa, mütləq həkimə müraciət edilməlidir. Lazımi qan testləri aparılaraq diaqnoz təsdiqlənir”.

Nigar Axundova həmçinin dölün hərəkətlərində dəyişiklik zamanı da diqqətli olmağı tövsiyə edib:

“Son dövrlərdə qadın hiss edirsə ki, uşaq çox hərəkət edir və ya əksinə, hərəkətlər azalıbsa, bu zaman da mütləq həkimə müraciət olunmalıdır. Qadın özünə qarşı həssas olmalıdır. Qonşu və ya tanış məsləhətindən daha vacibi həkim tövsiyəsidir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR