Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iclas keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, AQTA sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə baş tutan toplantıda qida təhlükəsizliyi sahəsində institusional transformasiyanın dərinləşdirilməsi, rəqəmsal idarəetmə modelinin təkmilləşdirilməsi və innovasiya əsaslı həllərin sistemli tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Agentliyin rəqəmsal transformasiya gündəliyi çərçivəsində həyata keçirdiyi tədbirlər kompleks şəkildə təqdim edilib. Göstərilən xidmətlərin tam rəqəmsallaşdırılması, xidmətlərin “MyGov” platformasına inteqrasiya olunması, süni intellekt, kibertəhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda Agentliyin xidmətləri üzrə rəqəmsallaşma 87% təşkil edir.
Bildirilib ki, rəqəmsal transformasiya yalnız texniki yenilənmə deyil, eyni zamanda qərarvermə prosesinin məlumat əsaslı modelə keçidi, idarəetmədə çevikliyin artırılması və resursların daha səmərəli bölüşdürülməsi deməkdir. Bu yanaşma qida təhlükəsizliyi sahəsində proqnozlaşdırıcı nəzarət mexanizmlərinin formalaşdırılmasına, potensial risklərin əvvəlcədən müəyyən edilməsinə və çevik reaksiya imkanlarının genişləndirilməsinə şərait yaradır.
Müzakirələr zamanı digər dövlət qurumları və beynəlxalq tərəfdaşlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi, qarşılıqlı əlaqələrin optimallaşdırılması və vahid rəqəmsal mühitin formalaşdırılması məsələləri xüsusi vurğulanıb.
Toplantının yekununda xidmətlərin tam elektronlaşdırılması, innovativ texnoloji həllərin tətbiqinin sürətləndirilməsi və rəqəmsal transformasiya prosesinin mərhələli şəkildə icrası ilə bağlı konkret tapşırıqlar verilib.
AQTA qida təhlükəsizliyi sistemində şəffaflıq, effektivlik və dayanıqlılıq prinsiplərinə əsaslanan müasir idarəetmə modelinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.
Bakı 




