Media cəmiyyətlə insan arasında həm körpü, həm də güzgü rolunu oynayan kompleks bir fenomendir.
Mətbuat yalnız informasiyanı çatdıran vasitə yox, eyni zamanda xəbərlər, sosial şəbəkələr, televiziya və onlayn platformalar vasitəsilə insanların dünyagörüşünü, siyasi seçimini və sosial davranışlarını istiqamətləndirə bilər.
Eyni zamanda, media cəmiyyətin maraq və gözləntilərini əks etdirən bir güzgü funksiyasını da yerinə yetirir – hansı mövzuların ön plana çıxacağı, hansı problemlərin işıqlandırılacağı, insanların hansı diskurslarda iştirak edəcəyi əsasən ictimai tələblərə bağlıdır.
Bu baxımdan, media həm formalaşdıran, həm də əks etdirən bir platforma kimi fəaliyyət göstərir və bu qarşılıqlı münasibət cəmiyyətin informasiya ekosisteminin dinamikasını müəyyən edir.
Media cəmiyyətin rəyini formalaşdıran vasitədir, yoxsa cəmiyyətin gözləntilərini əks etdirən güzgü?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən media eksperti Azər Həsrət deyib ki, mətbuat, əlbəttə, cəmiyyətin həm güzgüsüdür, həm də marifləndirici vasitəsidir:
"O, əyləndirir, məlumatlandırır və cəmiyyətdəki prosesləri əks etdirir. Lakin burada jurnalistin vicdanı, dürüstlüyü və obyektivliyi ön plana çıxmalıdır. Media cəmiyyətdə olan hər şeyi göstərməməlidir. Şəxsi həyatla bağlı və ya pis örnək təşkil edən hadisələr mediada yayımlanmamalıdır. Media əsasən marifləndirici və pozitivə yönəldici rolunu ortaya qoymalıdır".
Həmsöhbətimiz vurğulayıb ki, bəzən media adı altında yalnız sensasiya yaradılır və cəmiyyətə neqativ təsir ötürülür:
"Məsələn, hansısa bir kənddə baş verən "qoşulub qaçmaq", sevgili məsələsi kimi hadisələr əslində ictimai əhəmiyyəti olmayan xəbərlər kimi yayılır. Bu cür xəbərlər tərbiyəvi, məlumatlandırıcı və ya əyləndirici əhəmiyyət daşımır, amma sensasiya xarakteri daşıyır. Nəticədə oxucular, izləyicilər və tamaşaçılar belə xəbərlərə aludə olur və pis örnəklərin tirajlanmasına səbəb olur".

Azər Həsrət: Məqsəd yalnız xəbər yayımlamaq, sensasiya yaratmaq olur
Onun sözlərinə görə, media xəbərləri seçərkən diqqətli olmalıdır. Jurnalist hər bir xəbəri yayımlayarkən öncə özü xəbərdə adı çəkilən şəxslərin yerinə özünü qoymalıdır:
“Əgər bu mənimlə baş versəydi, yayımlanmasını istərdimmi?” Bu empatiya jurnalistin əsas prinsiplərindən biridir. Eyni zamanda, jurnalist düşünməlidir ki, xəbərin yayılması həmin subyektlərin narahatlığına səbəb olacaqsa, bu narahatlıq problemin həllinə fayda verəcək, yoxsa zərər? Təəssüf ki, medianın böyük əksəriyyəti belə dəyərlərə diqqət yetirmir. Məqsəd yalnız xəbər yayımlamaq, sensasiya yaratmaq olur".
Sonda müsahibimiz deyib ki, belə hallar vasitəsilə cəmiyyətdə pis örnəklər adi hala çevrilir, vərdiş halını alır və bu, cəmiyyətin getdikcə neqativ yüklənməsinə və pozulmasına stimul verir.
Əli Hüseynov
Bakı 




